İnformasiya məkanı sürətlə dəyişir, media transformasiyaya uğrayır, xəbər agentlikləri bütün dünya üzrə fəaliyyətini yeni çağırışlara uyğun qurmağa başlayıb. Biz də türk xəbər agentlikləri olaraq bu tendensiyalarla ayaqlaşmalıyıq.
Bu fikirləri Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyətinin sədri Vüqar Əliyev noyabrın 6-da İstanbulda keçirilən Türk Xəbər Agentlikləri Media Zirvə görüşündə çıxışı zamanı deyib.
“Türk dünyasında agentlik jurnalistikasının yeni gündəmləri” mövzusundakı panel iclasında çıxış edən AZƏRTAC-ın İdarə Heyətinin sədri Qazaxıstanda keçirilən Türk Dövlətləri Təşkilatının 10-cu Zirvə görüşündə ölkələrimiz arasında əməkdaşlığın yeni inkişaf istiqamətlərinin müəyyənləşdirildiyini vurğulayaraq deyib: “Son illərdə ölkələrimiz əməkdaşlıqlarının ən parlaq səhifələrini yaşayır və bu, sadəcə başlanğıcdır. Dünyanın ən böyük iqtisadi layihələrindən olan Şərq-Qərb beynəlxalq marşrutu, İpək Yolu, neft və qaz tranzit layihələri ölkələrimizin ərazisindən keçir və son geostrateji dəyişikliklər bizim regionun əhəmiyyətini dəfələrlə artırmış oldu. Ölkələrimizin siyasəti sülh və əmin-amanlıq şəraitində xalqlarımızın rifahı naminə çalışmaqdır. Görürük ki, dövlətlərimiz bu yolda inamla irəliləyir”.
Strateji sahə olan informasiya işinin türk dövlətlərinin inkişafının ən əsas elementlərindən biri olduğunu qeyd edən Vüqar Əliyev bildirib ki, informasiya agentlikləri bu əməkdaşlığın hərtərəfli işıqlandırılması üçün üzərinə düşən işləri bundan sonra da məsuliyyətlə həyata keçirəcək. Hazırda türk dövlətlərinə məhz güclü xəbər agentlikləri lazımdır və biz səylərimizi bu yöndə birləşdirməliyik. Çünki inkişaf həm də risklərlə müşayiət olunur. Əlbəttə ki, informasiya sahəsində dövlətlərimiz təhlükəsizlik məsələlərini nəzərə alır. Biz feyk xəbərlərə və dezinformasiyalara qarşı mübarizə aparmaq üçün resurslara malik olmalıyıq. Bu təhlükələrin olmayacağına heç kim zəmanət vermir. Dövlətlərimiz gücləndikcə bu cür təhdidlərin artması da mümkün məsələdir. Ona görə də səsimizin, ölkələrimiz haqqında obyektiv xəbərlərin daha geniş yayılmasına çalışmalıyıq.
“Bu gün yaradılan Türk Xəbər Agentlikləri Alyansının məqsədi də məhz bir-birimizi dəstəkləmək və yeni çağırışlara birgə cavab vermək, birlikdə öyrənmək və bölüşmək olacaq. Bu birliyin müasir texnologiyaların imkanlarından geniş istifadə etməklə Türk dünyası ilə bağlı xəbərlərin dünyaya birinci əldən, doğru və qərəzsiz çatdırılmasına, xəbər agentlikləri arasında informasiya yayımı və texniki sahədə əməkdaşlığa, qarşılıqlı təcrübə mübadiləsinin həyata keçirilməsinə böyük töhfə verəcəyinə inanıram”, – deyə AZƏRTAC-ın İdarə Heyətinin sədri vurğulayıb.
Zirvə görüşü işini “Türk dünyasının gələcəyə baxışı: yeni əməkdaşlıq sahələri” mövzusunda panel iclası ilə davam etdirib.