“Ermənilər İran-Azərbaycan münasibətlərinin normallaşma mərhələsinə daxil olması və bu istiqamətdə müsbət mesajların verilməsindən narahatlıq keçirir. Ona görə də maksimum dərəcədə yenidən gərginlik yaratmağa çalışırlar. Ümumiyyətlə, Ermənistan region ölkələrini daim bir-birinə qarşı qoyaraq münaqişə yaratmaq arzusundadır”.
Bunu “Report”a açıqlamasında Azərbaycan Mətbuat Şurasının sədr müavini, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu Tbilisidə Azərbaycana qarşı yürüş keçirən ermənilərin İran bayrağı dalğalandırmasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, ermənilər Cənubi Qafqazda münaqişələrin həlli, region ölkələrinin bir-biri ilə münasibətlərinin inkişafı baxımından layihələrdə iştirakda, ümumilikdə regionun inkişafında maraqlı deyillər:
“Amma bir məqam da var ki, İranın özü də Sovet İttifaqı dağıldıqdan sonra Cənubi Qafqaz siyasətində Ermənistana xüsusi önəm verib. Ermənistan hər zaman İranın vacib strateji tərəfdaşı statusunda olub. Biz bunun regionda baş verən proseslər, ələlxüsus da Qarabağ müharibəsi və ondan sonrakı dövrdə, Zəngəzur dəhlizi ilə bağlı məqamlarda şahidi olmuşuq. Bu mənada ermənilər son zamanlar İran-Azərbaycan münasibətlərinin normallaşma mərhələsinə daxil olduğu və bu yöndə müsbət mesajlar verildiyinə görə yenidən gərginlik yaratmağa çalışırlar”.
Ekspert Ermənistan rəsmilərinin İrana səfərlərinə də diqqət çəkib. O qeyd edib ki, Ermənistanın bu addımı keçirdiyi narahatlıqdan qaynaqlanır, elə ona görə Ermənistan hər fürsətdə təxribat xarakterli addımlar atır:
“Son bir neçə gündə Ermənistan tərəfdən İrana səfərlər oldu, İran rəsmiləri ilə görüşlər keçirildi. Burada onu müşahidə edirik ki, İran-Azərbaycan münasibətlərində normallaşmaya doğru müsbət siqnalların getməsindən Ermənistan ciddi narahatlıq keçirir, bu mənada təxribatçı addımlar atması təbiidir”.
V.Zifəroğlu onu da bildirib ki, Azərbaycan hər zaman region ölkələrinin yaxın əməkdaşlığını, ümumiyyətlə, bölgənin inkişafına təkan verəcək birgə fəaliyyəti dəstəkləyib:“44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qeyd etdikləri 3+3 formatı regionun inkişafı üçün böyük perspektivlər açan formatdır. Biz həmişə qonşularımızla yaxın dostluq münasibətlərini saxlamağın tərəfdarı olmuşuq. Əgər qonşu ölkələrdən hər hansı biri 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış reallığı qəbullanmaqda çətinlik çəkirsə, bu, Azərbaycanın problemi deyil. Biz sözümüzü deyirik, reallıqdan çıxış edərək əməkdaşlıq perspektivlərini, əməkdaşlığa çağırış edirik, regionun maraqlarından çıxış edərək konstruktiv mövqe sərgiləyirik, buna qonşu ölkələrin münasibəti də adekvat olmalıdır. Bu mənada son bir ayda İran-Azərbaycan münasibətlərində müsbətə doğru xeyli dəyişikliklərin olması sevindirici haldır, ümid edirəm ki, qarşı tərəf münasibətləri bundan sonra da eyni şəkildə davam etdirəcək”.