AZƏRTAC xəbər verir ki, rusiyalı yazıçı, ictimai xadim Mariya Suvorovskayanın qələmə aldığı kitab əsasında çəkilmiş film ilk dəfə noyabrın 3-də Moskvanın “İllüzion” kinoteatrında rusiyalı tamaşaçılar üçün nümayiş etdiriləcək. Noyabrın 6-da isə filmin Bakı kinoteatrlarında premyerası olacaq.
Film yalnız əsas personajların taleyini və həyat axtarışlarını deyil, həm də dövlətlər arasında çoxillik dostluğu və dialoqu təcəssüm etdirən melodramatik hekayətdir. Film Azərbaycana xas olan multikulturalizmi əks etdirir. Filmin mühüm məqsədlərindən biri Azərbaycanın Rusiya ilə əlaqəsini insanların taleyi, mədəniyyətlərin oxşarlığı və xalqları birləşdirən çoxillik ənənələr vasitəsilə nümayiş etdirməkdən ibarətdir. Filmdə Azərbaycanın turizm potensialı, çoxşaxəli gözəlliyi parlaq kadrlarla əks etdirilir.
“Xəzər üzərində yelləncək” kitabı 2018-ci ildə nəşr olunub, Rusiyanın və Azərbaycanın oxucu auditoriyası tərəfindən böyük maraqla qarşılanıb. Kitab 2019-cu ildə Azərbaycan dilinə tərcümə edilib. Kitabın Azərbaycan dilində təqdimatı 2019-cu ilin may ayında Bakı Kitab Mərkəzində keçirilib.
“Xəzər üzərində yelləncək” filmində baş rola çəkiləcək aktrisanın uzun müddət davam edən axtarışlarından sonra azərbaycanlı prodüserlər Mariya Suvorovskayanı bu rola təsdiq ediblər. Yazıçı gənclik illərində teatr məktəbinin məzunu olub. Məşhur rus rejissorunun xüsusi təlim kursunu keçən yazıçı daha sonra filmin çəkiliş prosesinə qoşulub.
AZƏRTAC-ın müxbiri ilə söhbətində Mariya Suvorovskaya premyeradan əvvəl öz təəssüratlarını bölüşüb: “Bu, olduqca həyəcanlı məqamdır. Filmin üzərində işə başlayanda premyeraya qədərki yolun belə uzun və çətin olacağını təxmin etməmişdik. Prosesin başlanğıcından filmin ekranlara çıxmasına qədər təxminən dörd il keçib. İndi isə bütün çəkiliş qrupu ilə birlikdə bir tərəfdən filmin nəhayət ərsəyə gəlməsinin xoşbəxtliyini yaşayırıq, digər tərəfdən isə premyera nümayişlərinə görə həyəcan keçiririk”.
Yazıçı Heydər Əliyev Fonduna, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinə və səfir Polad Bülbüloğluya, Azərbaycanın Rusiyadakı ticarət nümayəndəsi Ruslan Əliyevə, “Rossotrudniçestvo” Agentliyinə, “Mədəniyyətlərin dialoqu-vahid dünya” Fondunun prezidenti Ruslan Bayramova, “Caspian Media Group” komandasına, çəkiliş qrupunun bütün üzvlərinə təşəkkürünü bildirib.
“Bu təəccüblü olsa da, 2019-cu ilin sonunda filmin ekranlaşdırılması ideyasının müəllifi Səadət Qarayeva bizi filmin baş prodüseri Hüseyn Cavadzadə ilə tanış etməyi və kitabdakı hadisələri filmə çevirməyi təklif edəndə, bu demək olar ki, qeyri-real görünürdü, indi isə budur, film artıq premyera üçün hazırdır. Noyabr ayında hər kəsi Azərbaycan kinoteatrlarında gözləyirik”, – deyə o əlavə edib.