Hər bir ana uşağın qidalanmasını, zehni və fiziki inkişafını yaxından izləməyə çalışır. Və təbii ki, ana körpəlikdən qızının sağlam inkişafı və gələcək reproduktiv sağlamlığına nəzarət etməlidir. Bəzən diqqət etmədiyimiz bir şey gələcəkdə ciddi bir xəstəliyə çevrilə bilər. Mövzunun aktuallığını nəzərə alaraq tibb sahəsində böyük təcrübəyə malik olan uşaq ginekoloqu ilə söhbət etdik. Peşəkar ginekoloq, yüksək ixtisaslı mütəxəssis Xəyalə İsmayılova mövzu ilə bağlı suallarımızı cavablandırıb valideyinləri maraqlandıran vacib məsələlərə toxundu.
– İstərdik ənənəvi suallardan başlayaq. Həkim olmağa necə qərar verdiniz? Niyə məhz uşaq ginekologiyasını seçdiniz?
– Həkim olmağa qərar verməyimin səbəbkari dayım olub. O, Azərbaycan Tibb Universitetində təhsil aldığı zaman bizim evdə qalıb. Mənim uşaqlığım insan anatomiyası dərsində istifadə olunan insan sümükləri, mulyajları görməklə keçib. Məhz həkim olma həvəsim o dönəmlərdən formalaşıb. Zaman keçdikcə bu sahədə peşəkar addımlar atdım, daima öz üzərimdə işlədim, pasiyentlərin inamını, rəğbətini qazandım və anladım ki, həkimlik peşəsi olmadan özümü təsəvvür edə bilmirəm.
O ki qaldı, mənim uşaq ginekologiyasını seçməyimə burada qadın faktoru böyük rol oynayır. Mənim üçün “qadın” sözü dünyanın bütün əhəmiyyətini, mənasını, eyni zamanda bütün sevgisini və incəliyini daşıyır. Qadın sevgi verir, övlad dünyaya gətirir, onları böyüdür, deməli, sağlam qadın sağlam ailə, sağlam cəmiyyət deməkdir.
– Uşaq ginekoloqu olmağın ən çətin tərəfi nədir?
– Deməzdim ki, çətin tərəfləri var. Əksinə, mən özümü çox şanslı hesab edirəm, çünki illər öncə bu sahəyə düzgün olmayan yanaşmanı, yanlış müalicə metodlarını və laqeyd münasibəti öz uğurlu fəaliyyətimlə dəyişmişəm. Uşaq ginekologiyasını seçməyim də məhz buna görədir. Azərbaycanda bu ixtisas olmadığı üçün çox yanlışlar var idi.
– Bu gün tibb sahəsində xarici təcrübə çox önəmli hesab olunur. Bəs siz hansı xarici seminar və konfranslarda iştirak etmisiniz?
– Bəli, beynəlxalq seminarlarda iştirak etmişəm və hazırda da mütəmadi olaraq iştirakımı davam etdirirəm. Rusiyada bu sahə üzrə ixtisaslaşmışam. Xarici ölkələrdə hər klinikada uşaq ginekoloqu olur. Bizdə isə hələki yeganə mütəxəssisəm.
– Bir çox hallarda yetkin qadın ginekoloqa getməyə utanır və narahatlıq hiss edir. Yeniyetmə haqqında nə deyə bilərik? Hansı yaşda qızları müayinəyə aparmağa başlamaq lazımdır? Böyüməkdə olan qızların anaları nə bilməlidirlər?
– Yenidoğulmuşdan 18 yaşa qədər qız uşaqlarında problem olarsa, uşaq ginekoloquna müraciət etməlidirlər. Heç bir problem olmasa belə, 14-15 yaşlarında mütləq profilaktik baxışdan keçməlidirlər.
– Valideynləri maraqlandıran suallardan biri də budur ki, hansı yaşda bir qızla yetkinlik haqqında danışmağa başlamaq lazımdır?
– Ümumiyyətlə, bu məsələ hər zaman aktual olub. Əgər qız uşağının 10-11 yaşı varsa onunla bu barədə danışmaq olar. Vaxtında maarifləndirmək çox vacibdir.
– Azyaşlı nikahların fəsadları nədir?
– Böyük fəsadları var. Vaxtsız hamiləlik və hormonal pozuntular sonsuzluqla nəticələnə bilər. Ona görə də, valideynlər belə məsələyə ciddi yanaşmalıdırlar və buna qarşı çıxmalıdırlar.
– Sizcə müasir dövrdə məktəblərdə “Ailə həyatının etikası və psixologiyası” fənninə ehtiyacı varmı?
– Müasir dövrdə bu kimi yanaşmalar çox doğrudur. Maarifləndirmənin məhz məktəbdə bu şəkildə başlaması çox doğru olardı.
– Həkim kimi təcrübənizə əsaslanaraq qızlara və onların valideynlərinə verə biləcəyiniz ən vacib məsləhət nədir?
– Valideynlərə hər zaman müraciətim ondan ibarətdir ki, qız uşaqlarının inkişaf dövründə gördükləri problemi gizlətməkdənsə, müalicə etsələr daha məqsədəuyğundur. Bu qız uşaqları gələcəkdə ana olacaqlar. Vaxtında müraciət olunmazsa proses ağırlaşa bilər və həlli çətinləşər. Elə xəstəliklər var ki, 18 yaşdan sonra heç bir müalicə ilə həll olunmur. Bu səbəbdən belə vacib məsələlərdə diqqətli və məsuliyyətli olmalıyıq. Unutmayaq ki, qız uşaqlarının erkən müayinəsi analığın təminatıdır.Azərtac