Azərbaycanda rəqəmsal bacarıqlara ehtiyacın qiymətləndirilməsi aparılan ərazilər üzrə (Bakı şəhəri və Bərdə, Şərur, Ağdaş, Hacıqabul, Kəngərli, Qax, Oğuz rayonları) Şərur rayonu genişzolaqlı internetə əlçatanlıqda geri qalır.
“Report” xəbər verir ki, bunu Dünya Bankının konsultantı Xalisə Şahverdiyeva Avropa İttifaqı tərəfindən maliyyələşdirilən və Dünya Bankı tərəfindən idarə olunan Azərbaycan üçün Çevik Texniki Yardım Alətinin (AZTAF) ikinci illik hesabat toplantısında deyib.
O bildirib ki, bu rayonda əlçatanlıq 59 % təşkil edir: “Qeyd edim ki, genişzolaqlı internet əlçatanlıq üçün əsas yoldur. Kompüter mülkiyyətinə gəldikdə isə Azərbaycanda qadınlara nisbətən daha çox kişi noutbuka sahibdir. Həmçinin stolüstü kompüter kişilər arasında, xüsusən də 51-65 yaş qrupunda daha yüksəkdir”.