Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Xalq artisti Yasin Qarayevin 75 illiyinə həsr olunan “Alın yazısına inam” adlı kitabın təqdimat mərasimi keçirilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, professor İlham Rəhimli tərəfindən qələmə alınan kitabda ömrünün 50 ilini teatr və kino sənətinə həsr edən Xalq artistinin zəngin həyat və yaradıcılığına geniş nəzər salınıb, onun gənclik illərindən üzü bəri ifa etdiyi rollardan bəhs olunub.
Tədbiri teatrın aktyoru, Əməkdar artist Elnur Bəhramxan açaraq 95 illik teatr ocağına yığışan tamaşaçıları salamlayıb, kitabın yazılma tarixi və mahiyyəti haqqında tədbir iştirakçılarını məlumatlandırıb.
Teatrın direktoru Naidə İsmayılzadəyə Yasin Qarayev təbrik edərək, ən xoş ürək sözlərini bölüşüb: “Mənim uşaqlığım bu teatrda keçib, ilk gördüyüm aktyorlar elə Firəngiz Şərifova, Tariyel Qasımov, Yasin Qarayev olub. Bilirsiniz, bu insanlar teatrın tarixini yaradan insanlardan olublar. Onları yada salmaq, tamaşalar, rollar haqqında yazılar, kitablar yazmaq gözəl haldır. Sənətkarları da yaşadan elə budur. Buna görə də mən İlham müəllimə təşəkkürümü bildirirəm. Çox sağ olsun ki, o, Yasin müəllimin 75 illiyinə bu kitabı hədiyyə edib. Yasin müəllim, sizi təbrik edirəm. Həmişə belə sağlam və gümrah qalın, səhnədə olun. Sizi yaşadan belə kitablardı, tamaşalardı, ifa etdiyiniz rollardı. Hər kəsə təşəkkür edirəm”.
Kitabın müəllifi, professor İlham Rəhimli Gənc Tamaşaçılar Teatrının tarixindən, teatrda vaxtilə çalışan sənətkarlardan bəhs edib. Kitabın yazılma səbəbindən danışaraq Yasin Qarayevin sənətini hər zaman yüksək qiymətləndirildiyini bildirib: “Bu teatr mənim üçün çox doğmadır. Burada Yusif Vəliyev, Osman Hacıbəyov, Süsən Məcidova kimi böyük sənətkarları olub. Çox təəssüflənirəm ki, adlarını çəkdiyim bu qüdrətli sənətkarlar haqqında kitab yazılmadı. Yasin Qarayevi mən 1975-ci ildən tanıyıram. Kitabı onun 75 illik yubileyinə hədiyyə etmək məqsədilə qələmə aldım. Şadam ki, bu gün “Alın yazısına inam” adlı kitabın təqdimatına yığışmısınız. Bu təqdimatın keçirilməsinə görə teatrın rəhbəri Naidə xanıma və bura yığışan hər kəsə öz təşəkkürümü bildirirəm”.
Təqdimat mərasimində Xalq artistləri Tariyel Qasımov, Hacı İsmayılov çıxış edərək sənətkara ürək sözlərini, xoş arzularını bildiriblər.
Sonda Yasin Qarayev qonaqlara minnətdarlığını bildirib, xoş arzularını çatdırıb, onlara imzalı kitabını hədiyyə edib.