AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 28 May – Müstəqillik Günü münasibətilə mayın 27-də Qax şəhərində keçirilən tədbirdə səsləndirilib.
Rayon rəhbərliyi və ictimaiyyət nümayəndələri əvvəlcə Ulu Öndərin şəhərin mərkəzi meydanında ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
YAP Qax rayon təşkilatının inzibati binasında keçirilən tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Tədbiri rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev açaraq, Xalq Cümhuriyyətinin yarandığı dövrə qısa nəzər salıb, müstəqil Azərbaycan Respublikasının Cümhuriyyətin varisi olduğunu vurğulayıb. Bildirilib ki, cəmi 23 ay fəaliyyət göstərmiş bu respublika xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirib, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. Xalq Cümhuriyyətinin yaranması Azərbaycanın dövlətçilik tarixinin qürurverici səhifəsidir.
Sonra rayon icra hakimiyyəti başçısının müavini, İctimai-siyasi və himanitar məsələlər şöbəsinin müdiri Vəfa Heydərovanın “28 May – Müstəqillik Günüdür” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, zəngin tarixi keçmişə malik Azərbaycan xalqı azad, müstəqil dövlət uğrunda uzun və mücadilələrlə dolu bir yol keçib. Müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ölkəmizin çoxəsrlik tarixi, sosial-iqtisadi və mədəni inkişafının XX əsrin əvvəlində başlanmış milli azadlıq mübarizəsinin məntiqi nəticəsi idi.
Qeyd olunub ki, Azərbaycan xalqı azadlıq, müstəqillik uğrunda illərlə mübarizə aparıb, bu yolda minlərlə şəhid verib. Müstəqil dövlət olmaq, müstəqil dövlətdə yaşamaq səadətdir. Qüdrətli və möhkəm dövlət olmadan müstəqilliyi əldə saxlamaq mümkünsüzdür. Tariximiz azadlıq, müstəqillik uğrunda çətin və şərəfli mübarizələrlə zəngindir.
Məruzə və çıxışlarda, həmçinin 44 gün davam edən Vətən müharibəsində qazanılan tarixi Qələbədən söz açılıb. Çıxış edənlər şanlı Zəfərlə başa çatan Vətən müharibəsinin xalqımızın qəhrəmanlıq salnaməsinə yeni-yeni səhifələr yazdığını bildiriblər. Vurğulanıb ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və rəşadətli Azərbaycan Ordusunun sayəsində xalqımız artıq Müstəqillik Gününü torpaqlarımızın işğaldan azad edilməsinin sevinci ilə qeyd edir.