Azərbaycan tarixində şanlı səhifələrlə yanaşı, faciəli və soyqırımı səhifələri də yer alır. Belə dəhşətli hadisələrdən biri 1918-ci il mart-aprel aylarında erməni millətçiləri tərəfindən törədilib. Bu soyqırımı təkcə Azərbaycan tarixində deyil, dünya tarixində törədilən ən qanlı faciələrdən biridir. Hələ 1917-ci ilə Rusiyada baş vermiş Oktyabr inqilabı nəticəsində erməni millətçisi Stepan Şaumyanın başçılığı ilə bolşeviklər Bakıda hakimiyyəti ələ keçirmişdi. Onlar türk-müsəlman əhalisini qırmaq, Bakını rus-erməni şəhərinə çevirmək istəyirdilər. Bu işdə erməni “Daşnaksütyun” partiyası da yaxından kömək edirdi. Beləliklə, 1918-ci ilin martın 30-da bolşevik-daşnak qüvvələri Bakıda azərbaycanlıların kütləvi qırğınına başladılar. Düşmənlər qocaya, qadına, hətta körpə və uşaqlara da vəhşicəsinə divan tutdular, insanları süngüdən keçirərək diri-diri yandırdılar, evlərini dağıtdılar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında əməkdar müəllim İradə Əliyeva söyləyib.
İ.Əliyeva xatırladıb ki, Mart soyqırımı nəticəsində 50 mindən çox azərbaycanlı qətlə yetirilib. Milli memarlıq abidələrimiz, məktəblər, xəstəxanalar, məscidlər və digər binalar dağıdılıb. Bakının böyük bir hissəsi xarabalığa çevrilib, nadir memarlıq abidəmiz olan “İsmailiyyə” binası, Tağıyev teatrı, “Açıq söz” və “Kaspi” qəzetlərinin redaksiyaları yandırılıb, “Təzəpir” məscidi dağıdılıb. Bu qırğınlar təkcə Bakıda deyil, digər bölgələrdə də törədilib. Mart hadisələri ilə bağlı məlumatların çoxu məhv olunduğu üçün yenidən araşdırılır. Son araşdırmalara görə, təkcə Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin öldürüldüyü bildirilir. 1918-ci ildə Şamaxı və Quba qəzasında erməni təcavüzü nəticəsində minlərlə insan həyatını itirmişdir: Şamaxıda 7 min nəfər öldürülüb, 120 kənddən 86-sı dağıdılıb, Qubada isə 4 min nəfərdən çox insan qətlə yetirilib, 122 kənd tamamilə məhv edilib və 2750 ev yandırılıb. Hətta 2007-ci il aprelində Quba stadionunun təmiri ilə əlaqədar qazıntı işləri aparılan zaman kütləvi məzarlıq aşkarlanıb. Məzarlıqda 500-dək insan kəlləsi var, onların 50-dən çoxu uşaqlara, 100-dən çoxu isə qadınlara məxsusdur. Bu insanların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımının qurbanı olduqları sübuta yetirilib.
“Azərbaycan dövləti ötən illər ərzində erməni millətçilərinin xalqımıza qarşı törətdiyi cinayətlər, o cümlədən, bu soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, onun soyqırımı kimi tanıdılması üçün ardıcıl fəaliyyət göstərib. Ermənilərin xalqımıza qarşı törətdikləri Mart soyqırımının araşdırılması və bu həqiqətlərin dünyaya yayılması işi Ümummilli Liderimiz Heydər Əliyevin təşəbbüsü ilə başlanıb. 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə siyasi qiymət verilib və 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib.
Xalqımızın başına gətirilən bu müsibətlər, faciələr Prezident İlham Əliyevin təşəbbüsü ilə də tədqiqatçılar tərəfindən qəti şəkildə araşdırılır, yeni faktlar üzə çıxarılır. Azərbaycan xalqına qarşı 1918-ci ildə erməni millətçiləri və bolşevik-daşnak silahlı dəstələrinin törətdiyi soyqırımı cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması, gələcək nəsillərin milli yaddaşının qorunması və qurbanların xatirəsinin əbədiləşdirilməsi məqsədilə Prezident İlham Əliyev 2009-cu il və 2018-ci ildə sərəncamlar imzalayıb, 2013-cü ildə Qubada “Soyqırımı Memorial Kompleksi” açılıb. Dövlət səviyyəsində həyata keçirilən bu fəaliyyətlər deməyə əsas verir ki, xalqımız ona qarşı törədilən bu cinayətləri heç vaxt unutmayacaq, daim güclü və mübariz xalq kimi yaşayacaqdır”, – deyə o əlavə edib.
