Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
O qeyd edib ki, belə qanunsuz addımlar cəmiyyətin dəyərlərini dəyərsizləşdirməyə hesablanıb:
“Cəmiyyətin ictimai əxlaqına zərbə vurmağa, Azərbaycan Prezidentinin ailəsinə qarşı yalan xəbər, məlumat və görüntülər vasitəsilə informasiya müharibəsi aparmağa çalışan qrupun Dövlət Təhlükəsizlik Xidməti tərəfindən ifşa edilməsi həm ümumi ictimai maraqlarımız, həm də mənəvi dəyərlərimiz və dövlətçilik dəyərlərimiz kontekstində olduqca mühüm bir addımdır.
Onsuz da, Azərbaycan ictimai rəyi kifayət qədər intellektual əsaslarda formalaşıb və nəyin nə olduğunu ayırd edə bilir. Ancaq çox təəssüf ki, bəzən informasiya manipulyatorlarının toruna düşən, olmayan şeyi həqiqət kimi qəbul edən şəxslər də qarşıya çıxır. Ona görə də, məncə, biz baş vermiş hadisədən bir neçə nəticə çıxartmalıyıq.
İlk olaraq, Azərbaycana tarixi qələbə bəxş etmiş, xalqa qalibiyyət yaşatmış, bölgəyə sülh və rifah gətirmiş Prezident və onun ailəsi bu gündən sonra da ictimaiyyət tərəfindən daha çox qorunmalıdır.
İkincisi, bizim dəyərlərimizi əlimizdən almaq istəyən informasiya terrorçuları hüquqi müstəvidə mütləq məsuliyyətə cəlb edilməlidirlər. Dövlət Təhlükəsizliyi Xidmətinin yaydığı telefon danışıqlarında verilən mesajlar, göstərilən ünvanlar öyrənilməli, ifşa edilməli və məsuliyyətə cəlb olunmalıdır”.
Deputat vurğulayıb ki, Azərbaycan ictimaiyyətini dövlətçiliyə, müstəqil dövlətə qəsd etmək istəyən, xalqın legitim hakimiyyətinə qarşı çevriliş etmək istəyən “başda oturan”ın kim olduğu narahat edir:
“Biz bu gün məhz Azərbaycan Prezidentinin, onun ailəsinin – böyük mənada Ulu Öndər Heydər Əliyevdən gələn böyük ailənin, dövlətçiliyə sədaqətin, Azərbaycan xalqına xidməti sayəsində sülh və rifah içərisində yaşayırıq, torpaqlarımızı işğaldan azad edən, qalib xalqıq. Ona görə də Azərbaycanın bu ali dəyərlərini qorumaq hər birimizin borcudur. Onları ifşa etmək isə əlbəttə, xüsusi xidmət orqanlarının vəzifəsidir ki, bundan sonra da sülh və rifah içərisində yaşaya bilək”.
Qeyd edək ki, Dövlət Təhlükəsizlik Xidməti (DTX) Azərbaycan Prezidenti İlham Əliyevin ailəsini şantaj edən şəxsi saxlaması barədə məlumat yayıb. Faktla əlaqədar DTX-də Cinayət Məcəlləsinin müvafiq maddəsi üzrə cinayət işi başlanılıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən Azərbaycan vətəndaşı F.S. istintaqa ifadəsində cinayəti törətdiyini etiraf edib və detalları danışıb.
