İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailin məhv ediləcəyini bir daha bəyan edib. Onun sözlərinə görə, bu, İranın “Müqavimət oxu”nun iştirakı ilə baş verəcək.
“İranın bölgədə öz müvəkkil qüvvələri yoxdur. Yəmən, [Livan şiə təşkilatı] Hizbullah, [Fələstin qrupları] HƏMAS və İslami Cihad öz inancları üçün mübarizə aparır və bizdən dəstək görürlər. Yəmənin igidləri, İraq, Livan, Fələstin və Suriya sionist rejimə qarşıdırlar. Biz bu rejimi məhv edəcəyik”, – Xameneinin mətbuat xidməti onun sözlərini sitat gətirir.
İranın “Müqavimət oxu” Fələstinin İsrail işğalından azad edilməsini əsas məqsəd kimi qarşıya qoyur. Müqavimət Oxuna Hizbullah, HƏMAS, İslami Cihad, İraq İslami Müqaviməti və Yəmənin husi üsyançısı Ənsar Allah daxildir. Suriyada hakimiyyəti silahlı müxalifət ələ keçirməzdən əvvəl Ərəb Respublikasının prezidenti Bəşər Əsədin başçılıq etdiyi hakimiyyət “Müqavimət oxu”nu dəstəkləyib. (Tass)