Mart 12, 2025-19:49
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Xan nəslinin izləri: Lənkəranda bir məhəbbət abidəsindən

Lənkərana yolu düşən hər kəsin mütləq görmək istədiyi ünvanlardan biri şəhərin qüruru sayılan Tarix Diyarşünaslıq Muzeyidir. Haqqında söz açacağımız bu tarixi tikili təkcə eksponatların sərgiləndiyi sadə bir məkandan ibarət deyil. Bu bina özündə bir sevgi hekayəsini, bir tarixin susqunluğunu və bir dövrün yadigarlarını daşıyır. Bura Lənkəran xanlarının varisi Mir Əhməd xanın öz sevimli həyat yoldaşı Tuğra xanımın şərəfinə inşa etdirdiyi əzəmətli bir saraydır.

Muzeyin direktoru Leyla Məcidova Teleqraf-ın Cənub bürosuna açıqlamada bildirib ki, bu ev bir sevgi simvolu olaraq ucaldılıb:

“Mir Əhməd xan bu binanı 1913-cü ildə Tuğra xanımın gözəllik müsabiqəsində birinci yer tutmasına hədiyyə olaraq tikdirib. Cəmi 3 ay ərzində inşa olunan bina o dövrdə bölgənin ən hündürmərtəbəli və ilk elektriklə işıqlandırılan binası olub. Sonradan bu imarət onların xoşbəxt yuvasına çevrilir”.

Lakin bu xoşbəxtlik uzun sürmür. 1916-cı ildən sonra siyasi çaxnaşmalar nəticəsində ev müsadirə olunur. Tuğra xanım ərinin dostlarının köməkliyi ilə Bakıya, bacısı Kişvər xanımın yanına göndərilir. O zamanlar Mir Əhməd xan Fransada olur. Taledən gileylənməyə vaxt tapmamış xan cəmi 42 yaşında Fransada taun xəstəliyinə yoluxaraq vəfat edir.

Ən təsirlisi isə budur – nəşi Lənkərana gətiriləndə, Tuğra xanım həyat yoldaşı ilə vidalaşa bilmir. O böyük ev, bir vaxtlar eşqin, sevginin, həyatın yaşandığı o otaqlar bir qadına yurd olmur artıq. O gün bu gündür, Tuğra xanımın adı ilə anılan bu sarayda o yaşamayıb, amma onun izləri hər daşda, hər divarda hələ də yaşayır.

Bu tarixi bina, 9 otaqlı və 3 mərtəbəli olsa da, hündürlüyü 5 mərtəbəli bina ilə müqayisə ediləcək səviyyədədir. Sovet dönəmində bina arxiv və anbar kimi istifadə olunub. O illərdə evin içərisindəki şəxsi əşyalar, o cümlədən Tuğra xanım üçün Venesiyadan gətirilmiş 7 güzgü yoxa çıxıb. Onlardan yalnız 4-ü sonradan tapılıb və insanlar tərəfindən yenidən binaya qaytarılıb.

1924-cü ildə Lənkəranda ilk tarix muzeyi yaradılıb. Maarifpərvər ziyalı Mirzə Ağaəli Əliyevin təşəbbüsü ilə əsası qoyulan bu muzey əvvəllər şəhərdə “Böyük bazar” kimi tanınan ərazidə fəaliyyət göstərsə də, 1991-ci ildə Hüriyət xanımın rəhbərliyi ilə hazırkı binaya köçürülüb. Hazırda muzeydə 6500 eksponat sərgilənir, 2500-ə yaxın əşya isə xüsusi fondda qorunur.

.

Ən dəyərli eksponatlardan biri isə 1979-cu ildə Ulu Öndər Heydər Əliyevin muzeyə səfəri zamanı xatirə dəftərinə yazdığı təəssüratlardır. O zaman dövlət dili rus dili olduğuna görə yazı da həmin dildədir. Bütün bunlar bir tarixə, bir keçmişə, bir irsə olan ehtiramın bariz göstəricisidir.

Hazırda bərpa olunmuş bu bina iki dəfə təmir edilib. Sonuncu əsaslı təmir 2015-ci ildə aparılıb. Muzeyin 3-cü mərtəbəsində isə saxlanc fondu və restavrasiya otağı yerləşir. Bütün bu işlər isə bir zamanlar sevilmiş bir qadının şərəfinə ucaldılmış evin ruhunu yaşatmaq üçündür.

Bu ev artıq bir xanımın deyil, bir xalqın evidir. Amma hər kəs bilir ki, burada bir sevda hekayəsi yatır – vidalaşa bilməyən bir qadının göz yaşlarında yuyulmuş xatirələr ilə…