Üç il bundan əvvəl, 2020-ci il sentyabrın 27-də başlanmış və 44 gün davam edən Zəfər yürüşümüz möhtəşəm Qələbəmizin əldə olunması ilə nəticələndi. Cəbhənin bütün istiqamətlərdə inamla irəliləyən qəhrəmanlarımız əlbəyaxa döyüşlərə girərək Şuşa şəhərini düşmən işğalından birdəfəlik azad etdi. Şuşanın işğaldan azad olunması xəbəri Müzəffər Ali Baş Komandana məruzə olundu. 8 Noyabr tarixində həmin gün Prezident İlham Əliyev ata vəsiyyətinə əməl etdiyini və Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini bizlərə verdi. Müharibənin davam etdiyi 44 gün ərzində işğalda qalmış torpaqlarımızın düşməndən azad olunması müjdəsini dövlət başçısından eşidən xalqımız Şuşanın azad olunmasını xüsusi təntənə ilə qeyd etdi. Dövlətimizin başçısının hələ müharibənin gedişi zamanı Şuşasız bizim işimiz yarımçıq qalar deməsi, əslində Şuşa şəhərinin timsalında bütün işğal olunmuş ərazilərimizin azad olunacağının anonsu idi. Məhz Qarabağın tacı sayılan, həm relyef həm də coğrafi cəhətdən alınmaz qala sayılan Şuşanın düşmən işğalından azad olunması xüsusi peşəkarlıq tələb edirdi.
AZƏRTAC xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev deyib.
O qeyd edib ki, bir çox hallarda yaxın döyüşlərdə, yüngül silahlarla döyüşən igidlərimiz Şuşada qazanılmış Qələbə ilə növbəti dəfə düşmənə ən ağır zərbəni vurdu. Ermənistan rəhbərliyi Şuşanın azad olunmasının mümkünsüzlüyünə inanmışdı, ordumuz isə yalnız erməni hərbi qulluqçulara qalib gəlmədi, həm də Ermənistan və onun himayədarlarına dövlətimizin gücünü göstərdi.
“Münaqişənin tarixinə nəzər salanda görürük ki, Ermənistan rəhbərliyi güclü ordularının olmasını düşünür, bu barədə miflər yaradırdılar, elə bu səbəbdən də heç bir vəchlə münaqişənin dinc yolla həll olunmasını istəmirdilər. Dövlətimizin başçısı hələ müharibənin gedişində bildirmişdi ki, Ermənistan rəhbərliyi torpaqların dinc yolla boşaldılması üçün konkret tarix verməlidir, yalnız bundan sonra hərbi əməliyyatların dayandırıla biləcəyini qeyd etmişdir. Məhz Ermənistan tərəfi Azərbaycanın qətiyyətli mövqeyini və qəhrəmanlarımızın döyüş meydanındakı şücaətini gördükdən, habelə Şuşa şəhərinin işğaldan azad edilməsindən sonra təslim olmağa məcbur qaldılar. Qəhrəmanlarımızın göstərdiyi şücaət, diplomatik müstəvidə qazanılmış Qələbə Ermənistanın məğlubiyyətini qaçılmaz etdi, erməni ordusunun 12 mindən artıq hərbi qulluqçusunun döyüş meydanından qaçması, düşmənin qorxaq mahiyyətini bir daha nümayiş etdirdi. Nəticə etibarilə, Şuşa zəfərimizdən sonra Ermənistan siyasi rəhbərliyi məğlubiyyəti dərk edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu və nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan belə düşməndən azad olundu. Dövlət başçısı Xankəndi şəhərində paradda çıxış edərkən bildirdi ki, onsuzda bu rayon və şəhərlərimizi işğaldan azad edəcəkdik, sadəcə Azərbaycan Ordusundan şəhid olmasını istəmədim.
Məhz 2003-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilərkən, xalqımızın qarşısında and içərkən verdiyi sözü tutub, düşmən işğalına son qoydu, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci ilə qədər münaqişənin dinc yolla nizama salınmasında yeganə məqsəd məhz Vətən övladlarımızın şəhid olmasının qarşısını almaq idi. Təəssüf ki, Ermənistan sülhü heç zaman istəmədi, işğalçılığına son qoymadı, təcavüzü dayandırmadı, əksinə sistemli olaraq təxribatlar törətdi”, – deyə Adil Əliyev bildirib.
O əlavə edib ki, Ermənistan üçtərəfli Bəyanat imzalanarkən Qarabağdan çıxmasını üzərinə vəzifə olaraq götürdü, lakin, 3 ilə yaxın müddət ərzində yenə bu öhdəliyini icra etmədi, qoşunlarını Qarabağdan çıxartmadı. Nəticə etibarilə bu ilin sentyabr ayının 19-da başlamış və 24 saatdan da az davam edən lokal xarakterli antiterror tədbirləri zamanı düşmənə növbəti dəfə sarsıdıcı zərbə vuruldu. Azərbaycan Ordusu yüksək peşəkarlıq göstərək hərbi obyektləri sıradan çıxarıb, strateji yüksəklikləri ələ keçirdi və nəticədə düşməni təslim olmağa məcbur etdi. Bu, özü ilə birlikdə qondarma rejimin də birdəfəlik sonunu gətirdi.
Dünən Xankəndi şəhərində Müzəffər Ali Baş Komandan tərəfindən verilən mesajlar aydın idi, Ermənistan rəhbərliyi dərk etməlidir ki, revanşist mövqeyindən birdəfəlik əl çəkməlidir. Sülh müqaviləsini imzalamalı və sülhün qarşısında əngəl olmamalıdır. Əks təqdirdə dövlətimizin başçısının təbirincə desək “dəmir yumruq” yerindədir.