Qarabağda daha bir möhtəşəm mədəniyyət tədbiri keçirildi. Belə ki, işğaldan azad olunmuş torpaqlar növbəti dəfə “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalına ev sahibliyi etdi.Festival həm də Prezident İlham Əliyevin mühüm mesajları ilə yadda qaldı. Dövlət başçısı çıxışı zamanı bundan sonra Azərbaycan torpaqlarında sülh olacağına əminliyini ifadə etdi.“Arzum budur, əminəm, bütün Azərbaycan xalqının arzusu budur ki, qoy heç vaxt bu səma altında bir daha top səsləri eşidilməsin. Qoy bundan sonra burada ancaq musiqi sədaları səslənsin”, – deyə dövlət başçısı vurğuladı.Bu, təkcə Ermənistana deyil, həm də regionda “suları bulandırmaq” istəyənlərə verilmiş ismarış idi.Məlum olduğu kimi, 2020-ci ildəki İkinci Qarabağ müharibəsi və 2023-cü ildəki birgünlük antiterror əməliyyatından sonra Azərbaycan Qarabağda ərazi bütövlüyünü tam təmin etdi. Beləliklə, həm də Cənubi Qafqazda sülh və sabitliyin təmin olunması istiqamətində mühüm nəticə əldə edildi. 44 günlük müharibəyə qədər regionda sülhə mane olan əsas məqam məhz keçmiş Qarabağ münaqişəsi idi. İndi isə belə bir əngəl yoxdur. Hazırda rəsmi Bakının əsas prioritetlərindən biri işğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin həyata keçirilməsidir.


