Yaxın Şərqdəki münaqişə bir daha göstərdi ki, dünya qeyri-sabitlik və köklü dəyişikliklər dövrünə qədəm qoyub. Bunu Rusiya prezidenti Vladimir Putinlə telefon danışığında Çin sədri Si Tsinpin deyib.
“Yaxın Şərqdə hazırkı vəziyyət son dərəcə gərgindir və bu, dünyanın yeni qeyri-sabitlik və köklü dəyişikliklər dövrünə qədəm qoyduğunu bir daha təsdiqləyir. Münaqişənin daha da genişlənəcəyi təqdirdə nəinki münaqişə tərəfləri daha böyük itkilərə məruz qalacaq, həm də region ölkələri də bundan ciddi zərər görəcək”, – Çin lideri bildirib.
Bununla bağlı Si Cinpin bir sıra təkliflər irəli sürüb. Onun sözlərinə görə, bu vəziyyətdə birinci vəzifə atəşkəs rejimini təşviq etməkdir. “Gücdən istifadə beynəlxalq mübahisələrin həlli üçün düzgün yol deyil, bu, yalnız nifrət və ziddiyyətləri daha da gücləndirir. Münaqişə tərəfləri, xüsusən də İsrail mümkün qədər tez atəşi dayandırmalı, daha da genişlənməsinin qarşısını almalı və müharibənin qızışdırılmasından qətiyyətlə çəkinməlidir”.
Çin lideri həmçinin mülki şəxslərin təhlükəsizliyinin təmin edilməsinin vacibliyini və ayrı-seçkilik olmadan güc tətbiqinin qəbuledilməzliyini vurğulayıb. “Münaqişə tərəfləri beynəlxalq hüquq normalarına ciddi əməl etməli, mülki insanların tələfatından qəti şəkildə qaçmalı və üçüncü ölkə vətəndaşlarının təxliyəsini asanlaşdırmalıdırlar”, – deyən Çin lideri, həmçinin İranın nüvə probleminin siyasi yolla həlli və danışıqlara qayıtmağın vacibliyinə işarə edib. (Tass)