Azərbaycan Xarici İşlər Nazirliyi və ADA-nın birgə təşkilatçılığı ilə beynəlxalq münasibətlər, diplomatiya sahələrində təhsil alan tələbələrin məlumatlılığının artırılması məqsədi ilə diplomatiya həftəsi keçirilir.
APA xəbər verir ki, bu barədə diplomatiya həftəsinin elan olunmasına dair ADA Universitetində keçirilən tədbirdə Azərbaycan XİN-in mətbuat katibi Ayxan Hacızadə deyib.
O bildirib ki, Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş 18-22 dekabr aralığında keçiriləcək diplomatiya həftəsində tələbələr üçün mühazirələr təşkil olunacaq, diplomatlarla tələbələrin görüşləri keçiriləcək.
XİN-in mətbuat katibi əlavə edib ki, yeni 45 diplomatiya könüllüsü seçilib və onlar 3 ay müddətində XİN-in müxtəlif departamentlərində təcrübə keçəcəklər.
Tədbirdə çıxış edən xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın müstəqillik əldə etdiyi ilk illərdə çətinliklərlə üzləşib, xarici siyasət mexanizmləri məhdud olub, geniş diplomatik nümayəndəliklər şəbəkəsi olmayıb.
“Ancaq buna baxmayaraq Heydər Əliyevin Azərbaycan torpaqlarının mütləq azad olunması ilə bağlı çıxışlarına baxaraq anlamaq olur ki, onun tarixi ədalətin və beynəlxalq hüququn prinsiplərinin bərpası ilə bağlı əminliyi var idi”, – o deyib.
Nazir deyib ki, Azərbaycanın xarici siyasət prioritetlərinin inkişafı bu gün də uğurla davam edir.
“Hazırkı dövrdə ən ümdə prioritet işğaldan azad olunmuş torpaqların inkişafı və bərpasıdır. Hər dəfə bu ərazilərə səfər edərkən inkişaf dinamikasının şahidi oluruq.
İnanıram ki, bu ərazilər yalnız Azərbaycanın deyil, geniş coğrafiyanın ən gözəl və inkişaf etmiş məkanlarından birinə çeviriləcək”.
XİN başçısı qeyd edib ki, bu gün xarici siyasətdə uğurlar əldə edib.
“Azərbaycan Qoşulmama Hərəkatına (QH) sədrliyi nümunəvi sədrlik adlandırılıb. Ölkəmizin QH-yə sədrliyi dövründə bu təşkilata marağın artması yeni üzvlərin müşahidəçi statusu alması, onun nəzdində yeni institutların yaradılması, 120 ölkə tərəfindən Azərbaycanın sədrliyinin bir il də uzadılmasına razılıq verilməsi uğurlu sədrliyini nümunəsidir”.
Azərbaycanlı nazir xatırladıb ki, bu günlərdə daha bir beynəlxalq əhəmiyyətli tədbirin – COP29-un ölkədə keçirilməsinə razılığın verilməsi Azərbaycanın etibarının artması, ölkənin nüfuzunun güclənməsinin sübutudur.
Tədbirdə ADA rektoru Hafiz Paşayev yeni diplomatiya könüllülərini təbrik edib, onlara uğurlar arzulayıb. Hafiz Paşayev diplomat kimi onlara öz tövsiyələrini də verib.