Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi Gürcüstana səfərdən qayıdıb. Səfər Azərbaycan Respublikasının Gürcüstandakı Səfirliyinin dəstəyi, M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyi və Gürcüstanın Azərbaycanlı Ağsaqqallar Şurasının birgə təşkilatçılığı ilə reallaşıb.
Məktəbin direktoru, Əməkdar müəllim İkram Manafov AZƏRTAC-a bildirib ki, kollektiv ənənəvi olaraq Novruz bayramında Tbilisi şəhərinə dəvət alır, bayram tədbirlərində iştirak edir. Bu il də istisna olmayıb.
Gürcüstanın paytaxtındakı Heydər Əliyev parkının qarşısında təşkil olunan tədbirdə Abşeron-Xızı Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Xırdalan şəhər Onbirillik Musiqi Məktəbinin kollektivi geniş konsert proqramı ilə çıxış edib. Tədbir rəsmilərin iştirakı ilə Novruz tonqalının alovlandırılması ilə başlayıb. Bayram tədbiri Keçəl və Kosanın məzəli əhvalatları ilə davam edib.