Yəmənin Ədən limanından 55 dəniz mili cənub-şərqdə ticarət gəmisi raketlə vurulub. Bu barədə Britaniyanın dəniz təhlükəsizliyi üzrə ixtisaslaşmış Ambrey şirkəti məlumat yayıb.
Şirkətin açıqlamasında deyilir ki, gəminin göyərtəsində yanğın baş verib, lakin zərbə nəticəsində ekipaj üzvlərindən heç biri xəsarət almayıb.
Birləşmiş Krallıq Dəniz Ticarət Əməliyyatları (UKMTO) da Yəmən sahillərində gəmiyə hücum barədə məlumat verir, lakin baş verənlərlə bağlı təfərrüatlı məlumat vermir. “UKMTO-ya Ədəndən 60 dəniz mili cənub-şərqində insident barədə məlumat daxil olub. Səlahiyyətlilər hadisə ilə bağlı vəziyyəti araşdırır. Gəmilərə ehtiyatlı olmaq və istənilən şübhəli fəaliyyət barədə UKMTO-ya məlumat vermələri tövsiyə olunur”, – deyə məlumatda bildirilir. (Tass)