Kollektiv iqlim məqsədlərinə nail olmaq üçün maliyyələşmənin məbləği sürətlə artırılmalıdır.
“Report” xəbər verir ki, bunu noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində təşkil olunmuş “Transformasiyaedici iqlim fəaliyyəti: Maliyyə daxilolmalarından təsirə və MİB-lərin katalitik təsirinə keçid” mövzusunda dəyirmi masada tədbir üzrə baş danışıqçı Yalçın Rəfiyev bildirib.
“Xüsusilə inkişaf etməkdə olan ölkələr üzrə müvafiq mənbələrdən maliyyələşmənin məbləğinin sürətlə artırılması zəruridir. Bu prosesdə əsas rolu dövlət oynayır. İqlim maliyyələşməsi Paris Sazişinin məqsədlərinə nail olmağa, o cümlədən istixana qazı emissiyalarını aşağı səviyyəyə endirməyə töhfə verən ən vacib amildir. Lakin hesabatlara görə, hazırkı maliyyələşmə kifayət deyil”, – deyə o qeyd edib.
Y.Rəfiyevin sözlərinə görə, iqlim dəyişikliyi probleminin həlli üçün təkcə əhəmiyyətli maliyyə resursları deyil, həm də davamlılığı, sabitliyi və əlçatanlığı təmin edən yaxşı düşünülmüş maliyyə sistemi tələb olunur.
“COP29 danışıqlarının əsas prioriteti iqlim dəyişikliyi ilə mübarizə üçün maliyyələşdirmə sahəsində yeni kollektiv kəmiyyət məqsədinin razılaşdırılmasıdır. Bu məqsəd problemin təxirəsalınmazlığına və miqyasına uyğun olmalı, inkişaf etməkdə olan ölkələrin ehtiyacları və prioritetlərini nəzərə almalıdır” – deyə o əlavə edib.