Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Aydın Mirzəzadə Rusiyada azərbaycanlılara qarşı olan hücumlardan bəhs edərkən deyib.
O, Rusiyada azərbaycanlıların yaşadığı mənzillərə qara maskalıların daxil olaraq zorakılıq göstərməsi və saxlanılma şəraitində iki nəfərin qətlə yetirilməsinin, digərlərinə isə işgəncə verilməsinin insan hüquqlarının pozulması faktı olduğunu bildirib: “Rusiyada yaşayan azərbaycanlıların bir qismi bu ölkəni vətəndaşıdır. Onlar da öz vətəndaşlıq vəzifələrinə hörmətlə yanaşırlar. Müəyyən sayda azərbaycanlı isə Rusiyada əmək miqrantı kimi çalışır, vergi ödəyir, olduqları ölkəni qanunlarına riayət edirlər”.
Deputat hesab edir ki, Yekaterinburqda azərbaycanlılara qarşı sərgilənən münasibət narahatlıq yaratmaya bilməz: “Hansısa cinayət hadisəsi baş veribsə, dünyada qəbul edilmiş normalar var. Bu zaman saxlanılma, dindirilmə, məsuliyyətə cəlb edilmə hüquq normaları çərçivəsində olmalıdır. Saxlanılarkən müqavimət göstərməyən insanların qətlə yetirilməsi, fiziki təzyiq göstərilməsi kimlərinsə vəzifəsindən sui-istifadə etməsi deməkdir”.
Deputat əlavə edib ki, Azərbaycan dövləti Rusiyadan bu məsələlərin ciddi şəkildə araşdırılmasını, günahkarların cəzalandırılmasını tələb edir. “Təəssüf edirik ki, qonşu Rusiyadan ara-sıra Azərbaycana qarşı biz gözlədiyimiz münasibəti görə bilmirik. Ötən ilin dekabrında Azərbaycana məxsus sərnişin təyyarəsinin Rusiya ərazisində vurulması, Milli Məclisin deputatının Rusiya ərazisinə buraxılmaması, bu günlərdə isə Yekaterinburqda bir qrup azərbaycanlıya qarşı göstərilən fiziki zorakılıq törədilməsi Azərbaycanda haqlı narazılıq yaradır. Çox istərdik ki, bu məsələlər Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən ciddi şəkildə araşdırılsın. Rusiya İstintaq Komitəsi sədrinin bu məsələni nəzarətə götürməsi orada çox ciddi qanun pozuntuları olduğunu bir daha təsdiq edir. Biz bu məsələnin Rusiyanın hüquq normaları çərçivəsində qiymət verilməsini gözləyirik”, – deyə Aydın Mirzəzadə bildirib.