“Konstitusiya və Suverenlik İli” çərçivəsində Azərbaycanın Yekaterinburq şəhərindəki Baş Konsulluğunun təşkilatçılığı ilə Oktyabr rayonunun Sərgi Mərkəzində həmyerlimiz, Ural Dövlət Memarlıq və İncəsənət Akademiyasının professoru Mirzə Məmmədovun rəsm əsərlərindən ibarət sərgi aşılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə dövlət və hökumət rəsmiləri, elmi dairələrin nümayəndələri, diplomatik korpus rəhbərləri, Sverdlovsk vilayətində fəaliyyət göstərən Azərbaycan diasporunun üzvləri və yerli azərbaycanlı tələbələr iştirak ediblər.
Açılış mərasimində çıxış edən Baş konsul vəzifəsini icra edən Şöhrət Mustafayev, Yekaterinburq şəhərinin merinin müavini Marina Fadayeva, Rusiya XİN-in Yekaterinburq üzrə nümayəndəliyinin rəhbəri Aleksandr Xarlov, Beynəlxalq Xarici İqtisadi Əlaqələr nazirinin müavini Lyudmila Berq, Oktyabr rayon administrasiyasının başçısı İqor Kostenko və “Azərbaycan–Ural” İctimai Milli Mədəniyyət Təşkilatının sədri Şahin Şıxlinski sərginin yüksək təşkilatçılıq səviyyəsini qeyd ediblər. Natiqlər Mirzə Məmmədovun yaradıcılığından ətraflı bəhs edib, bu tədbirin təkcə bir rəssamın yaradıcılığı deyil, həm də iki xalq arasında mədəni körpünün, sənətin birləşdirici gücünün bariz nümunəsi olduğunu bildiriblər. Çıxışlarda qeyd olunub ki, Mirzə Məmmədovun yaradıcılığı milli sərhədləri aşır, Azərbaycan və Rusiya mədəniyyətlərini birləşdirərək ümumbəşəri dəyərlərə xidmət edir.
Şöhrət Mustafayev çıxışında bu il ölkəmizdə “Konstitusiya və Suverenlik İli”nin keçirildiyini, Azərbaycanın görkəmli rəssamı Mirzə Qədim İrəvaninin 200 illik yubileyinin qeyd olunduğunu diqqətə çatdırıb və Azərbaycanda incəsənətə göstərilən dövlət qayğısından bəhs edib. O vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsləri ilə ölkədə müasir incəsənət muzeyləri yaradılır, qalereyalar bərpa olunur, gənc rəssamlar üçün müsabiqə və sərgilər təşkil edilir, xarici ölkələrdə azərbaycanlı rəssamlarının sərgiləri açılır, bir sözlə incəsənətə sevgi hər səviyyədə dəstəklənir.
Sərginin təşkilində göstərilən dəstəyə görə Sverdlovsk vilayəti rəhbərliyinə, Yekaterinburq şəhər administrasiyasına və Oktyabr rayonunun rəhbərliyinə təşəkkür bildirilib.
Sərgidə nümayiş olunan 40-dan çox rəsm əsərinin müəllifi Mirzə Məmmədov çıxış edərək yaradıcılığı və sərginin təşkilinə göstərilən dəstək barədə danışıb, Baş Konsulluğa və yerli administrasiyaya minnətdarlığını ifadə edib.
Tədbir çərçivəsində iştirakçılara milli mətbəximizin ləziz təamları təqdim olunub.