Bu gün “Yeni dünya nizamında Azərbaycan-Şimali Kipr Münasibətləri” mövzusunda beynəlxalq konfrans keçirilib.
“Report”un xəbərinə görə, Şimali Kipr Türk Respublikasının tanınmış siyasətçisi, beynəlxalq münasibətlər üzrə ekspert, professor Kudret Özersayın moderatorluğu ilə keçirilən tədbirdə Milli Məclisin deputatları, Kuzey Kıbrıs Universitetlər Birliyinin sədri Selman Arslanbaş, Türk Birliyi Dayanışma Dərnəyinin sədri Güven Arıklı, Türkiyədən və Şimali Kipr Türk Respublikasından gələn qonaqlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, gənclər və media nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Azərbaycanla Şimali Kipr birgə tarixi günlər yaşayır.
Deputat Vüqar İskəndərov Azərbaycanın bütün sahələrdə Şimali Kiprin yanında olduğunu qeyd edib.
Kuzey Kıbrıs Universitetlər Birliyinin sədri Selman Arslanbaş bildirib ki, Şimali Kiprlə Azərbaycanın istər təhsil, istər mədəniyyət, istərsə də iqtisadi sahələrdə ikili münasibətlərinin inkişafına inanır: “Ölkəmizin TDT-yə müşahidəçi üzvü seçilməsi türk dünyası ilə əlaqələrin genişləndirilməsi üçün xüsusi önəmə sahibdir”.
Sonda çıxış edən beynəlxalq münasibətlər üzrə ekspert, professor Kudret Özersay Azərbaycanla bağlı təəssüratlarını bölüşüb: “Üç gündür ki, Bakıdayam və özümü vətənimdəki kimi hiss edirəm. 90-cı illərdə Azərbaycandan ölkəmizə təqaüdlə oxumağa gələn tələblər vardı. Biz qısa müddət sonra Azərbaycana qarşı edilən haqsızlıqları, yaşanan işğalı və onun nəcitləri barədə eşitdik. Bizim könlümüz hər zaman Azərbaycandan yana olub. Bizlər də Şimali Kipr türkləri olaraq böyük haqsızlıqlara məruz qalmışıq. Ona görə Azərbaycanın məruz qaldığı haqsızlıqları çox yaxşı başa düşürük”.
Daha sonra Kudret Özersay Şimali Kiprlə Azərbaycan münasibətlərindən, Şimali Kiprin tarixindən və keçdiyi azadlıq mübarizəsindən bəhs edib.
Tədbir gənclərin suallarının cavablandırılması və fikir mübadiləsi ilə sona çatıb.