Elm və Təhsil Nazirliyi Polimer Materialları İnstitutunun Nanopolimer kompozitlər laboratoriyasının müdiri kimya elmləri doktoru Nüşabə Qurbanova və laboratoriyanın böyük elmi işçisi kimya üzrə fəlsəfə doktoru Türkan Quliyevanın həmmüəllifi olduqları “Metaltərkibli polimer nanokompozitlər” kitabı çapdan çıxıb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, kitab metaltərkibli nanohissəciklərin və polimer nanokompozitlərin alınması, xassələri və tədqiqi məsələlərini əhatə edir. Kitabda müxtəlif sənaye polimerləri və polimer matrisində stabilləşdirilmiş metal oksidləri əsasında nanokompozitlərin alınması, quruluş və xassələrinin tədqiqi haqqında geniş məlumat verilib. Metaltərkibli polimer nanokompozitlər və onların mikroelektronika, aviasiya, tibb, cihazqayırma, sutəmizləyici qurğuların hazırlanması və digər sahələrdə tətbiqi imkanlarından bəhs edən vəsait ali təhsil müəssisələrinin müəllimləri, tələbələr, magistrantlar, doktorantlar, dissertantlar və materialşünaslıq üzrə elmi tədqiqatçılar üçün nəzərdə tutulub.
Beş fəsildən ibarət monoqrafiya institutun Elmi şurasının qərarına əsasən ADNSU nəşriyyatında çap olunub.
Monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, kimya elmləri doktoru, professor Bəxtiyar Məmmədovdur.