AZƏRTAC xəbər verir ki, bunu Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin İdarə Heyətinin sədri Samir İdayətov Beynəlxalq Geologiya Mədənçilik Forumunda deyib. O qeyd edib ki, Sovet dönəmində və müstəqillik illərində Ulu Öndər tərəfindən bu sahədə yüksək ixtisaslı kadrların yetişdirilməsi, yeni sənaye müəssisələrinin yaradılması ilə yanaşı, ətraf mühitin qorunması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məsələləri daim diqqət mərkəzində saxlanılıb. “Bu gün ölkə rəhbərliyinin apardığı uğurlu daxili və xarici siyasət, ölkə iqtisadiyyatının dayanıqlığı, siyasi sabitlik bütün sahələrdə olduğu kimi dağ-mədən sənayesinə də xarici investorların cəlb edilməsinə və onların uzunmüddətli fəaliyyətinə zəmin yaradacaq.
Hazırda dağ-mədən sahəsində fəaliyyət göstərən yerli və xarici müəssisələr tərəfindən filiz və qeyri-filiz faydalı qazıntılarının istismarı nəticəsində dünya bazarına qiymətli metalların, o cümlədən hazır məhsula yönəlmiş tikinti materiallarının ixracı davam edir”, – deyə S.İdayətov bildirib.
S.İdayətov bu forumun ölkədə bu sahədə bundan sonrakı fəaliyyət üçün önəmli olduğunu vurğulayıb: “Forum dağ-mədən sənayesində yeni innovativ yanaşmaların öyrənilməsi, müasir və ekoloji baxımdan təmiz istehsal texnologiyalar tətbiq edilməklə daxili və xarici investorların bu sahəyə investisiya yatırımına təşviq edilməsi, ölkəmizin bu sahədə mövcud imkanları və perspektivlərinə dair xarici və yerli qonaqları məlumatlandırmaq, qarşılıqlı şəkildə təcrübələrin mənimsənilməsi və əməkdaşlıq potensialının yaradılması məqsədi daşıyır.
Forumdan əsas gözləntilərimiz Azərbaycanın dağ-mədən sənayesinin bu sahədə dünyada mövcud yeni yanaşmalara adaptasiyası, bir platforma çərçivəsində beynəlxalq və yerli şirkətlərin, həmçinin yerli və xarici mütəxəssislərin görüşünün təşkili, yeni yanaşmaların və texnologiyaların tətbiqinə dair fikir mübadiləsi və əməkdaşlıq, həmçinin işğaldan azad olmuş ərazilər daxil olmaqla, dağ-mədən sənayesi üzrə investisiyaların artmasıdır.
Forum çərçivəsində ekoloji tələblərə cavab verən aztullantılı qabaqcıl texnologiyalardan istifadənin təşviq edilməsi, eləcə də istismarçıların həyata keçirdikləri fəaliyyətləri, əldə etdikləri uğurları nümayiş etdirmək məqsədilə sərgi təşkil olunub”.
Agentlik rəsmisinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan Beynəlxalq Geologiya-Mədənçilik Forumuna dövlət sektorları, alimlər, investorlar və özəl dağ-mədən şirkətlərinin nümayəndələri olmaqla 30-a yaxın ölkədən 62 ekspert qatılıb.