YTP-dən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları əvvəlcə texnoparkda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin büstünü ziyarət ediblər.
Tədbirdə Vətən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə çıxış edən YTP-nin baş direktoru Vasif Abbasov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun zəfər qazanmaqla şanlı tarix yazdığını vurğulayıb. Baş direktor qeyd edib ki, 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən döyüş əməliyyatları zamanı Azərbaycan Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı və Şuşa şəhərini tam, Xocavənd, Ağdərə və Xocalı rayonlarını isə qismən azad etdi. Noyabrın 10-da Rusiyanın vasitəçiliyi ilə Ermənistan kapitulyasiya aktına bərabər Bəyanatı imzaladı və bununla da Azərbaycan böyük Qələbə qazanaraq Ermənistanın 30 illik işğalına son qoydu.
“Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan əsgərinin rəşadəti, xalqımızın Prezidentimizin ətrafında bir yumruq kimi birləşməsi nəticəsində qazanılan Zəfər millətimizin əbədi iftixarıdır”, – deyən V.Abbasov bu Qələbənin Azərbaycan xalqının bütün ruhunu dəyişdiyini, vüqarını artırdığını, milli qürurunu daha yüksək mərtəbəyə qaldırdığını diqqətə çatdırıb.
Baş direktor cari ilin sentyabr ayında keçirilən antiterror tədbirləri ilə qələbəmizin tamamlanması nəticəsində Zəfər bayramının bu il daha böyük sevinclə qeyd edildiyini bildirib. O, şəhidlərimizin və qazilərimizin şücaətinin gələcək nəsillərə ötürüləcəyini vurğulayıb.
Tədbirdə YTP-nin icraçı direktoru Zaur Nəhmətov və digərləri çıxış edərək Azərbaycan xalqının hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirdiyini, bütün şəhidlərin ruhuna ehtiram göstərdiyini, xatirəsini uca tutduqlarını qeyd ediblər. Bildirilib ki, dövlətimiz tərəfindən şəhidlərimizin ailələrinə, habelə Vətən müharibəsi iştirakçılarına hər zaman xüsusi diqqət və davamlı qayğı göstərilir.
Daha sonra texnoparkın baş mühəndisi Rahim Heydərov çıxış edərək Müzəffər Ali Baş Komandana xalqın inamından, müdrik siyasətindən söz açıb. Bildirilib ki, tarixi Azərbaycan torpaqlarında yeni erməni dövlətinin yaradılması planlarının üstündən birdəfəlik xətt çəkildi və bundan sonra ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu siyasət nəticəsində ölkəmiz daim inkişaf edəcək.
Texnoparkın əməkdaşları, həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış YTP-nin rezidenti Təcrübə-Sənaye Zavodunun əməkdaşı olmuş Rafiq Heydərovun şərəfli döyüş yolundan danışıb, onunla bağlı xatirələrini bölüşüblər.
Xatırladaq ki, Qarabağ müharibələrində YTP əməkdaşları da iştirak ediblər. Baş direktor Vasif Abbasov, aparıcı mütəxəssis Mübariz Allahverdiyev, elektrik montajçı – Əsəd Soltanov Birinci Qarabağ müharibəsində, şəbəkə administratoru Qurbanəli Azayev İkinci Qarabağ müharibəsində iştirak edib, Rahim Heydərov və Əzizağa Nəcmətdinov isə şəhid ailələrinin üzvləridir.