Yunanıstan və Kipr Respublikası Kiprdə iki dövlətli həll ideyasını rədd edir. Bunu Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Yunanıstan və Kipr Əməkdaşlıq Ali Şurasının 1-ci plenar iclasından sonra Kipr Respublikasının Prezidenti Nikos Xristodulides ilə birgə bəyanatları zamanı deyib.
Baş nazir bu sammitin iki ölkə arasında qırılmaz əlaqələri gücləndirdiyini, Şərqi Aralıq dənizində təhlükəsizliyin sütunları kimi Yunanıstan və Kiprin rollarını gücləndirdiyini vurğulayıb. Mitsotakisin sözlərinə görə, “Kipr probleminin həlli aydın milli prioritet olmaqda davam edir”.
“Məqsədimiz BMT çərçivəsində danışıqları bərpa etməkdir. Mövcud vəziyyət davam etdikcə, gərginlik artmağa davam edəcək. Aydındır ki, adada iki [ayrı-ayrı] dövlətin mövcudluğunun tanınması ilə bağlı mövqe tamamilə qəbuledilməzdir. Biz danışıqların bərpası perspektivlərini öyrənəcək yeni BMT nümayəndəsinin dərhal təyin olunmasını səbirsizliklə gözləyirik”, – deyə baş nazir vurğulayıb. (Tass)