Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.
“Bəziləri düşünürdü ki, Azərbaycan üçtərəfli Bəyanatla təsbit edilmiş status-kvonu dəyişməyə cürət etməyəcək və Şuşanın azad edilməsi maksimal hədd olacaq. Onlar bunu belə əsaslandırırdılar ki, beynəlxalq aləm ermənilər yaşayan Azərbaycan ərazisində hər hansı əməliyyat keçirməyə və bu ərazilər üzərində Azərbaycanın nəzarətini bərpa etməyə imkan verməyəcək. Həmin dövrdə əsasən Qərb ölkələrinin tutduğu mövqe, verilən bəyanatlar belə proqnozlar üçün ciddi əsaslar yaratmışdı. Lakin Azərbaycan dövlətinin sarsılmaz mövqeyi, Prezident İlham Əliyevin qətiyyəti yenə də özünü göstərdi”, – deyə deputat bildirib.
O qeyd edib ki, heç vaxt başladığı işləri yarımçıq qoymayan və bütün fəaliyyəti boyunca nəyi, nə zaman və necə etməyin ən yaxşı nümunələrini göstərən Azərbaycan Prezidenti İlham Əliyevin suverenlik və ərazi bütövlüyü anlayışı heç bir zaman müharibənin nəticələri ilə məhdudlaşmayıb. Vətən müharibəsindən sonrakı 3 il ərzində həyata keçirilən siyasət və görülən bütün işlər prosesin davamı oldu və 2023-cü il sentyabrın 20-də öz məntiqi sonluğuna çatdı. Bütün təzyiqlərə və hədələrə baxmayaraq, Prezident İlham Əliyev uzaqgörənliklə, praqmatik şəkildə, barışmaz prinsipiallıq və qəti iradə nümayiş etdirərək Xankəndidə Azərbaycanın Dövlət Bayrağının asılacağı günü yaxınlaşdırdı. Bütün bunlar bir daha təsdiq etdi ki, Prezident İlham Əliyev həmişə gələcəyə baxan, onilliklər sonranı düşünən və bütün planlarını strateji məqsədlərə uyğun quran Liderdir.
“Azərbaycanda vaxtilə həyata keçirilən bir çox iqtisadi layihələr, siyasi arenada atılan bir çox addımlar illər sonra necə tam yeni bir keyfiyyət yaradırdısa, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası kimi mürəkkəb bir məsələnin həlli də ölkənin hərtərəfli inkişafı və Azərbaycanın fəal diplomatiyasından qidalanaraq uzunmüddətli perspektivə hesablanan çoxgedişli siyasi kombinasiyanın reallaşdırılması nəticəsində mümkün ola bilərdi. İlham Əliyevin böyüklüyü, uzaqgörənliyi və siyasi məharətinin qayəsini təşkil edən həqiqət ondan ibarətdir ki, o, böyük ustalıqla qurduğu mürəkkəb sxemin hər bir detalını incəliklə, zərgər dəqiqliyi ilə işlədi, öz xalqına güvənərək, ondan güc alaraq bütün dünyanı haqlı olduğumuza inandırdı, bu məsələdə maneə olan güclərin müqavimətini sındırdı və tarixi ədaləti bərpa etdi. Milli lider xüsusiyyətlərinin və keyfiyyətinin daşıyıcısı olan İlham Əliyev müharibədən sonrakı 3 il ərzində tarixi əhəmiyyət kəsb edən bir proses reallaşdırdı və üzərinə götürdüyü tarixi missiyanı başa çatdırdı”, – deyə Vüqar İskəndərov vurğulayıb.