Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbində 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra məktəbin direktor müavini Yasəmən Ağayeva 44 günlük Vətən müharibəsində Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı şanlı Qələbə barədə ətraflı məlumat verib. İgid oğullarımızın keçdiyi çətin və əzmli döyüş yolundan danışıb.
Tədbirdə müzəffər ordumuzun antiterror tədbirləri nəticəsində ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi böyük qürur hissi ilə qeyd edilib.
Zəfər Gününə həsr olunmuş mərasim məktəb şagirdlərinin, eləcə də pedaqoji kollektivin maraqlı çıxışları ilə davam edib.
Sonda Cəbrayıl şəhər Uşaq Musiqi Məktəbinin xor qrupu rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı tarixi Zəfərə həsr olunmuş mahnılar səsləndirib.