Növbədənkənar prezident seçkiləri bir həftəyə yaxındır ki, başa çatıb. Ancaq bu seçkilər hələ də dünyanın aparıcı media vasitələrinin gündəmindən düşmür. Seçkiləri müşahidə etmiş 216 aparıcı media nümayəndəsinin Azərbaycanda azad, ədalətli, şəffaf seçkilərin keçirilməsi barədə yazdıqları xəbərlərin, analitik məqalələrin ardı-arası kəsilmir. Eləcə də seçki prosesini izləmiş 90 mindən artıq müşahidəçinin rəyi yekdildir: seçkilər azad, ədalətli, demokratik, şəffaf və mütəşəkkil keçirilib. O cümlədən 72 beynəlxalq təşkilat və 89 ölkədən gəlmiş 790 beynəlxalq müşahidəçi də növbədənkənar prezident seçkilərində yekun nəticəyə təsir edə biləcək ciddi qanun pozuntusu ilə rastlaşmadıqlarını, demokratik seçkinin şahidi olduqlarını bildiriblər. Hətta bəzi beynəlxalq müşahidəçilər etiraf ediblər ki, dünyanın inkişaf etmiş ölkələrində də belə mütəşəkkil seçki müşahidə etməyiblər. Azərbaycan demokratik seçki keçirməyə qadir olduğunu bir daha sübut etdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.
O deyib ki, səsvermənin qanunvericiliyin tələblərinə uyğun keçirilməsi üçün bütün zəruri tədbirlər görülmüş, insanların öz iradələrini sərbəst ifadə etmələri üçün əlverişli şərait yaradılmışdı. Dünən Mərkəzi Seçki Komissiyası artıq prezident seçkilərinin yekun nəticəsini elan etdi. Məlum oldu ki, prezidentliyə namizəd İlham Əliyev 92,12 faiz səslə qalib olub. Seçicilərin böyük əksəriyyəti Zəfər seçkisinin qalib Liderinə səs verərək Azərbaycanın, xalqımızın, millətimizin gələcək taleyini yalnız ona etibar etməyi zəruri biliblər. Bu parlaq Qələbə münasibətilə dövlətimizin başçısına artıq dünyanın əksər ölkələrindən təbrik teleqramlarının axını başlanıb. Həmin təbriklərdə birmənalı olaraq həm seçkiqabağı mühitin, həm də seçki prosesinin azad və müasir tələblərə cavab verən səviyyədə keçməsi vurğulanır. Bu seçki bir çox hadisələrlə yadda qalacaq. Hər şeydən əvvəl xatırladım ki, Prezident İlham Əliyev öz ailə üzvləri ilə birlikdə Xankəndidəki seçki məntəqəsində səs verdi. Bu məntəqə bir vaxtlar separatçıların yuva saldıqları parlament binasında yerləşirdi. Bu, Ermənistana və onun havadarlarına göz dağı oldu.
Ə.Bədəlov deyib ki, 2020-ci ilin noyabrında Ermənistanın siyasi və hərbi rəhbərliyi təslim olduqlarını rəsmən etiraf etsələr də, məsələ bununla tam həll olunmamışdı. Çünki Qarabağdakı qeyri-qanuni erməni silahlı birləşmələri terror, xüsusilə mina terroru törətməkdə davam edir, Xankəndidə yuva salmış separatçılar hələ də özlərini keçmiş qondarma Dağlıq Qarabağ Respublikasının sahibi kimi aparır, Xankəndini əldən vermək istəmirdilər. Bütün bunlar 2023-cü ilin sentyabrında Qarabağda antiterror tədbirləri aparmaq zərurəti yaratdı. Vətən müharibəsində düşməni təslim etməyə 44 gün sərf etmiş yenilməz ordumuz üç il sonra antiterror tədbirlərində qeyri-qanuni erməni silahlı qruplaşmalarının və separatizmin kökünü kəsməyə cəmi bir gün vaxt sərf etdi. Bununla da Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam bərpa edildi. Həmin gündən Azərbaycan dünyanın inkişaf etmiş dövlətləri sırasına tam, bütöv ölkə kimi daxil oldu. Bu gün də belədir. Bütün bunlardan sonra, təbii ki, son 20 ildə ölkəmizi qələbədən-qələbəyə aparan lider İlham Əliyev prezident seçkilərində xalqın etimadını qazanmalı idi. Seçicilərin 92,12 faizinin məhz İlham Əliyevə etimad göstərməsi qələbələrimizin rəhnidir. Xalq yaxşı bilir ki, qələbədən bir həftə sonra Qarabağda başlanan yenidənqurma, tikinti-quraşdırma işlərini Prezident İlham Əliyevdən başqa heç kimi uğurla davam etdirə bilməz. Axı, nəyi, necə, nə vaxt etmək lazım olduğunu yalnız Prezident İlham Əliyev bilir.
Siyasi şərhçi seçkidən əvvəl və seçki keçirilən gün qarşılaşdığı bəzi hadisələri də xatırladıb. Deyib ki, prezidentliyə namizədlərin təşviqatı zamanı namizədlərdən biri öz həmkəndlisi, ağsaqqal kişinin evində qonaq olub və onunla çay süfrəsi arxasında görüşüb. Ağsaqqal deyib ki, evimə gəlmisən, çayımızı içirsən, yemək də hazırlatdırmışam, yeyin, halal xoşunuz olsun. Ancaq bir kənddən olsaq da, məndən incimə, mən sənə yox, İlham Əliyevə səs verəcəyəm. Çünki o, torpaqlarımızı işğaldan azad etdi, Azərbaycanın güclü, qüdrətli olduğunu dünyaya sübut etdi. Ə.Bədəlov sözünə davam edərək deyib ki, seçki keçirilən gün 96 yaşlı Nəcəf baba səhər tezdən seçki məntəqəsinə gedəcəyini, səsvermədə şəxsən iştirak edəcəyini və Prezident İlham Əliyevə səs verəcəyini bildirib. Deyib ki, İlham Əliyev bu xalqı erməni xəcalətindən qurtardı. O, bir ağsaqqal kimi, otuz il idi ki, özünü xəcalətli hesab edirmiş. Axı ermənilər bizim torpaqlarımızda at oynadırdlar. Torpaq, namus, qeyrətdir. Torpaq Vətəndir, Vətən isə anadır. İlham Əliyev xalqımızı bu xəcalətdən qurtardı. İndi biz alnıaçıq, üzüağıq, başımızı dik tutaraq seçkilərə qürurla gedirik. Mən də İlham Əliyevə səs verməyi özümə borc bilirəm.
“Son günlər Prezident İlham Əliyevə seçkilərdə qazandığı qələbə münasibətilə xarici ölkələrdən gələn təbriklərin ardı-arası kəsilmir. Bu, xalqımızın 2020-ci il Vətən müharibəsindəki Qələbəsi və 2023-cü ildə antiterror tədbirinin nəticəsi olaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra üçüncü ən böyük sevincidir”, – deyə Ə.Bədəlov bildirib.