Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun dəvəti ilə “Birləşdik – 2024” beynəlxalq əməliyyat-taktiki komanda-qərargah təlimini izləmək üçün qardaş ölkəyə səfər edib.Bu barədə “Report”a Müdafiə Nazirliyindən bildirilib.Qeyd edilib ki, Aktau Beynəlxalq hava limanında general-polkovnik Z.Həsənovu qazaxıstanlı həmkarı general-polkovnik R.Jaksılıkov qarşılayıb.Hava limanında təşkil edilən rəsmi qarşılanma mərasimində müdafiə nazirləri fəxri qarovulun önündən keçiblər. Nümunəvi hərbi orkestrin müşayiəti ilə hər iki ölkənin dövlət himnləri səsləndirilib.Müdafiə naziri səfər çərçivəsində “Birləşdik – 2024” təliminin “Oymaşa” təlim poliqonu və Xəzər dənizinin akvatoriyasının Tokmak burnunda icra ediləcək epizodlarını izləyəcək.