“AzerGold” QSC fəaliyyətə başladığı dövrdən bu günədək (2016-2023-cü illər) mədən layihələrinin icrasına ümumilikdə 707 milyon manat investisiya yatırıb.
“Report” xəbər verir ki, bu barədə “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov bu gün keçirilən 2023-cü ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu məbləğin cəmi 6 %-i və ya 45 milyon manatı dövlət büdcəsindən ayırmalar hesabına təmin edilib: “Bu əsasən QSC fəaliyyətə başladığı ilk illərdə dövlət büdcəsindən ayrılmış vəsaitdir. İndiki məqamda dövlət büdcəsi hesabına maliyyələşmə əsasən yeni fəaliyyət sahəsi olan dəmir filizi layihələrin icrası məqsədi ilə həyata keçirilir”.