Ordubad Azərbaycan tarixində və mədəni həyatında özünəməxsus yer tutur. Ölkə Prezidentinin sərəncamı ilə “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması da bu yanaşmanın təsdiqi kimi qəbul edilir. Ordubad rayonunda çoxsaylı tarixi və mədəni abidələrin mövcudluğu ilə yanaşı, yerli əhalinin həyatında, yaşam tərzində kəhrizlərin də əhəmiyyətli yer tutduğu xüsusi qeyd olunmalıdır.Ordubadda bəzi evlərin həyətlərində tarixi kəhrizlər hələ də qalmaqdadır. Təqribən 10-15 m dərinlikdə yerləşən kəhrizlərə daxil olmaq üçün qırxpillə, yaxud da qırxayaq adlandırılan pilləkənlərdən istifadə edilir. Lakin burada 40 rəqəmi şərtidir. Çünki bəzən pillələrin sayı bundan az da ola bilir. Eyni zamanda, sakinlər kəhrizlərdən həm də buzxana kimi yararlanaraq, istiyə davamsız ərzaq məhsullarını da orada saxlayırlar. Kəhrizlərdəki suyun keyfiyyətinə gəldikdə isə onlarda lil-çöküntü olmur, tərkibi təmiz və sərindir.


