Yaponiyanın “Tet İnternational Development” şirkətinin törəmə müəssisəsi olan “Zaqatala AGRO İndustry” MMC tərəfindən respublikamızın şimal-qərb bölgəsinə daxil olan rayonlarda tütün əkininə hazırlıq işləri davam etdirilir. Cari mövsümdə şirkət tərəfindən Zaqatalada 130 hektar, Qaxda 50 hektar və Şəkidə 20 hektar olmaqla, ümumilikdə, 200 hektar sahədə “Virciniya botaniki” növlü tütün əkilməsi nəzərdə tutulur. Tütün əkini ilə əlaqədar cəmiyyət tərəfindən indiyədək bu rayonlarda 19 fermerlə müqavilə bağlanılıb və bu iş davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri müəssisənin istixana təsərrüfatında olub, tütün şitillərinin yetişdirilməsi işlərinin gedişi ilə maraqlanıb.
MMC-nin istehsalat üzrə direktor müavini Rəhim Kələşov bildirib ki, fermerləri tütün şitilləri ilə təmin etmək üçün müəssisənin özündə ümumi sahəsi 12 min kvadratmetrdən çox olan 48 istixana quraşdırılıb. Onlardan 20-si kiçik, 28-i isə böyük ölçülüdür. Kiçik istixanaların hər biri 6,5 hektar, böyük ölçülü istixanaların hər biri isə 13 hektar sahəni tütün şitili ilə təmin edəcək. Tütün toxumları ABŞ-dan gətirilib. İstixanalarda yetişdiriləcək şitillər aprelin 20-dən etibarən sahələrə köçürüləcək.
Aqronom Nazim Hüşənovun verdiyi məlumata görə, hazırda istixanada tütün toxumunun əkin prosesi gedir. Toxum torfla qatışdırılaraq plastik lotokların içərisinə yerləşdirilir. Hər lotoka 350-dək toxum qoyulur. Lotoklar sonra istixanaların içərisindəki su hövzəsinə buraxılır. Su hövzəsinə əvvəlcədən tələb olunan gübrə və dərmanlar tökülür. Tütün şitilləri 40-45 gün ərzində yetişir və daha sonra sahələrə köçürülür.
Məhdud Məsuliyyətli Cəmiyyətdən bildirilib ki, 2024-cü ildə müəssisədə 416,7 ton quru tütün istehsal olunub. Məhsulun böyük hissəsi İtaliya, Qazaxıstan və Rusiyaya ixrac olunub. Hazırda ixrac prosesi davam etdirilir. Belə ki, bu ilin əvvəlindən İtaliya və Qazaxıstan şirkətlərinə 55 ton quru tütün göndəriliib.