Rusiya Bakıda Rus Mədəniyyət Mərkəzinin (Rus Evi) qeydiyyatı ilə bağlı vəziyyətin müsbət şəkildə həll olunacağını gözləyir. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
Diplomat təsdiqləyib ki, Moskva Rusiya Evinin fəaliyyətinin dayandırılması barədə Azərbaycan tərəfdən bildiriş alıb. Cavab olaraq Rusiya tərəfi Rusiya Evinin qeydiyyatının başa çatdırılması üçün lazımi tədbirlər görməyə və bunu təbii ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirməyə hazır olduğunu bildirib. “Biz dəfələrlə müvafiq məsləhətləşmələr çərçivəsində diplomatik kanallar vasitəsilə bu məsələnin müzakirəsini təklif etmişik. Bu təkliflər də yazılı şəkildə Azərbaycan tərəfinə göndərilib. Ona görə də bu məsələnin müsbət həllini gözləyirik”, – Zaxarova əlavə edib. (Tass)