Vladimir Zelenski əhali arasında yayılmış qumar asılılığı ilə mübarizə üçün Ukraynada qumar biznesinə nəzarəti gücləndirən qanun imzalayıb. Bunu ölkə parlamentinin saytındakı kartotekadakı məlumatlar sübut edir.
Zelenskinin imzaladığı qanunun başlığında birbaşa qeyd olunur ki, tənzimləyici tədbirlər “qumar asılılığı (oyun asılılığı) ilə mübarizə üçün” sərtləşdirilir. Bu qanun layihəsi bir ay əvvəl Ukrayna parlamenti tərəfindən yekun oxunuşda qəbul edilib.
Sənəd qumar və lotereyaların tənzimlənməsi üzrə komissiyanın ləğvini nəzərdə tutur və onun yerində 2025-ci il aprelin 1-dək yeni səlahiyyətli orqan formalaşdırılacaq. Ukraynanın Qumar Oyunlarının və Lotereyaların Tənzimlənməsi Komissiyasının rəhbəri İvan Rudi korrupsiya ittihamı ilə dekabrın ortalarında həbs edilib.
Qanun, həmçinin gecə saatları istisna olmaqla, televiziya və radioda qumar oyunları reklamının qadağan edilməsini nəzərdə tutur. Qumar biznesində yoxlamaların aparılması qaydası da, o cümlədən internetin monitorinqi yolu ilə dəqiqləşdirilir. (Tass)