Heydər Əliyev regionların inkişafına, əmək ehtiyatlarının yaradılmasına, yeni iş yerlərinin açılmasına sistemli yanaşırdı. Ulu Öndər demoqrafik inkişafı diqqətdə saxlayırdı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Ziyad Səmədzadə noyabrın 30-da parlamentdə keçirilən “Azərbaycanda yerli demokratiyanın, özünüidarəetmənin və regionların inkişafında Heydər Əliyev irsi” mövzusunda ictimai dinləmədə səsləndirib.
Deputat Ulu Öndərin ölkəmizə rəhbərliyi dövründə yüngül sənaye müəssisələrində çalışanların sayının 100 mindən artıq olduğunu qeyd edib. Həmin dövrdə davamlı inkişaf, şəhərlə kənd arasında fərqin aradan qaldırılması istiqamətində görülən işlərdən danışan Z.Səmədzadə deyib: “XX əsrin əvvəllərində ölkə iqtisadiyyatının potensialının 90 faizi Bakının payına düşürdü. Bu da təbii ki, neftin istehsalı ilə bağlı idi. Məhz Heydər Əliyevin yürütdüyü məqsədyönlü siyasət nəticəsində ölkə iqtisadiyyatının neftdən asılılığının aradan qaldırılması istiqamətində mühüm işlər görülməyə başlandı. Regionlarda iri sənaye müəssisələri tikildi, kənd təsərrüfatı, o cümlədən pambıqçılıq və üzümçülük inkişaf etdirildi. Bu, regionların intibah dövrü idi”.