Aprel 28, 2025-9:31
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Ziyafət Əsgərov: Onların qarşısına elə sübutlar qoyulacaq ki, məsələləri yubatdıqlarına görə peşman olacaqlar

Onunla müsahibəni təqdim edirik:

– Ziyafət müəllim, Ermənistan tərəfi konstitusiyadan müstəqillik bəyannaməsinə istinadın çıxarılmasının mümkünlüyünü gündəmə gətirir. Bu halda isə müstəqillik bəyannaməsində Azərbaycana qarşı iddialar saxlanılmış olur. Sonrakı dövr üçün bu hansı təhdidlər yarada bilər?

– Ermənistanın konstitusiyası ilə yanaşı, Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı müstəqillik bəyannaməsindəki istinadlar da ləğv olunmalıdır. Azərbaycanın əsas tələbi odur ki, Ermənistan konstitusiyasi ilə yanaşı, ərazi iddiasını nəzərdə tutan digər normativ hüquqi aktlar aradan qaldırılmalıdır. Görünür Baş nazir Nikol Paşinyan ilk olaraq konstitusiya dəşikliyindən başlamaq istəyir. Sonrakı dövrdə digər prosedurlar da ardıcıllıqla həllini tapacaq. İndiki halda Paşinyan konstitusiya dəyişiklikləri ilə bağlı Ermənistan auditoriyasının da nəbzini yoxlamağa çalışır. Bütün bunların fonunda Azərbaycanın şərtlərinin yerinə yetirilməsinin qaçılmaz olduğu bir daha önə çıxır. Çünki Azərbaycan və Türkiyə ilə münasibətlər tənzimlənməsə, nizamlanmasa və sahmana salınmasa Ermənistan üçün heç bir perspektiv gözlənilmir.

– Tələblərin icra olunmaması proseslərin sonrakı inkişafı üçün nə vəd edir? İrəvanın bu tələblərdən yayınmaq imkanı varmı?

– Hər bir halda rəsmi İrəvan dəyişikliklərə getməlidir. Azərbaycanla normal qonşuluq iddiaları varsa, mütləq ki, Bakının tələblərinə də əməl etməlidirlər. Qarabağ məsələsi həll olunub və Ermənistan Azərbaycanın diqtə etdiyi şərtlərə uyğun addım atmalıdır. Bunun əksinə olacaq proseslər onlara növbəti zərbə olacaq. Müharibəni başladan, Azərbaycan torpaqlarını vaxtilə işğal edib, 30 il nəzarətdə saxlayan tərəf Ermənistan olub. İşğal edilmiş ərazilərdə genosid həyata keçirən, bölgədə ekoloji fəlakət yaradan, barabarlıq edən də rəsmi İrəvan idi. Ermənilər elə düşünməsin ki, ərazilər azad edildi, hər şey bitib. Azərbaycan xalqı işğalı heç vaxt unutmur və unutmayacaq. Xalqımıza, dövlətimizə qarşı törədilən hərbi və insanlıq əleyhinə olan cinayətlər bizim yaddaşımızdadır. Ermənistan tərəfi də bunu dərk etməlidir və Azərbaycanın tələbləri icra olunmalıdır.

– ATƏT-in baş katibi, türkiyəli diplomat Firudin Sinirlioğlu regiona səfəri çərçivəsində ötən həftə Ermənistanda olub. Bu səfərin Minsk qrupunun ləğvi məsələsinin aktiv olduğu dövrdə baş tutmasını necə qiymətləndirirsiniz?

– Azərbaycan heç də bütövlükdə ATƏT-lə münasibətlərini kəsməyib. Söhbət ATƏT-in Minsk qrupu və əlaqədar yaradılmış strukturlardan gedir. Minsk qrupu keçmiş münaqişəni həll etməli idi. Münaqişə isə Azərbaycanın gücü hesabına həll olunub. Bundan sonra həmin quruma ehtiyac qalmayıb. Öz növbəsində Ermənistan tərəfindən rəsmi şəkildə Azərbaycanın ərazi bütövlüyü tanınıb. Ona görə də Minsk qrupunun ləğvi məsələsində Ermənistan da konkret mövqe sərgiləməlidir.

– Konstitusiya dəyişikliyinə və Azərbaycanla sülh müqaviləsinin imzalanmasına qarşı revanşistlərin ciddi təpkisi var. Paşinyan bu qüvvələri neytrallaşdıra biləcəkmi?

– Ermənistan üçün revanşist ideyalarla yaşamaq ona böyük faciələr gətirə bilər. Amma nə olur-olsun Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirən Zəngəzur dəhlizinin açılması da təmin ediləcək. Əks halda Ermənistanın qarşısına elə sübutlar qoyulacaq ki, onlar bu məsələləri yubatdıqlarına görə peşman olacaqlar. Tarixi həqiqət, hüquqi zəmin, beynəlxalq münasibətlər sistemi, Azərbaycanın malik olduğu bütün imkanlar ölkəmizin maraqlarını müdafiə etməyə zəmin yaradır. Ermənistan bununla barışmalıdır. Bunun əksinə olaraq, Ermənistanın taleyi haqqında özləri fikirləşməlidir.