Koreya Respublikasının səfiri Kımqu Kanqın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfirlə görüşən universitetin rektoru Zəfər Qurbanov ADAU-nun beynəlxalq əlaqələri, maddi-texniki bazası və akademik potensialı barədə danışıb. O, Koreya Respublikasının aqrar sahədə qabaqcıl texnologiyalar və innovativ yanaşmalara malik olduğunu qeyd edərək, bu istiqamətdə universitetlər arasında əlaqələrin qurulmasının böyük əhəmiyyət daşıdığını bildirib.
Səfir Kımqu Kanq ADAU-da kənd təsərrüfatı mütəxəssislərinin hazırlanması istiqamətində görülən işləri yüksək qiymətləndirib. Gələcəkdə Koreya universitetləri ilə birgə layihələrin, təlimlərin və tələbə-müəllim mübadiləsinin həyata keçirilməsinə hazır olduqlarını vurğulayıb.
Görüş zamanı kənd təsərrüfatı, təhsil və innovasiya sahələrində əməkdaşlıq imkanları müzakirə olunub. Tərəflər aqrar təhsil və elmi-tədqiqat sahəsində təcrübə mübadiləsinin vacibliyini vurğulayıblar.
Daha sonra Azərbaycan Dövlət Aqrar Universitetinin tanıtım çarxı nümayiş olunub.
Görüşdən sonra qonaqlar universitetin müasir laboratoriyaları, ADAU TV internet televiziyasının studiyası, açıq və qapalı balıqyetişdirmə məntəqələri və istixana təsərrüfatı ilə yaxından tanış olublar.
