ABŞ-Azərbaycan münasibətləri bu gün yüksələn xətt üzrə inkişaf edir və bu prosesin arxasında həm tarixi əməkdaşlıq təcrübəsi, həm də yeni geosiyasi reallıqlara uyğun praqmatik yanaşma dayanır.
Bu sözləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Ülviyyə Zülfiqar bildirib.
Onun sözlərinə görə, xüsusilə Donald Trampın hakimiyyətə qayıdışı ilə ABŞ-Azərbaycan əlaqələrində yüksəliş müşahidə olunur. Bu, Bayden administrasiyası dövründəki müəyyən soyuqluğun ardından münasibətlərin yenidən strateji müstəviyə daşınması kimi qiymətləndirilə bilər.
Siyasi şərhçi xatırladıb ki, ABŞ-Azərbaycan münasibətləri 1990-cı illərin əvvəllərindən etibarən “Əsrin müqaviləsi”, Bakı-Tiflis-Ceyhan neft kəməri və Xəzər hövzəsində enerji resurslarının beynəlxalq bazarlara çıxarılması ilə intensivləşib.
“Bu əlaqələr yalnız iqtisadi maraqlarla məhdudlaşmayıb. 2001-ci il sentyabrın 11-dəki terror hücumlarından sonra Azərbaycan ilk olaraq ABŞ-a açıq şəkildə dəstək verən ölkələrdən biri olub. Rəsmi Bakı həm siyasi, həm də praktiki dəstək göstərərək hava məkanını ABŞ və koalisiya qüvvələrinin istifadəsinə açıb, Əfqanıstandakı antiterror əməliyyatlarına logistika və tranzit dəstəyi təmin edib. Həmin dövrdə Azərbaycan Əfqanıstana sülhməramlı qüvvələr göndərərək beynəlxalq təhlükəsizlik səylərinə bilavasitə töhfə verib. Bu, iki ölkə arasında etimadın formalaşmasında mühüm mərhələ olub”.
Ülviyyə Zülfiqar vurğulayıb ki, Prezident Donald Trampın qayıdışı ilə Vaşinqtonun siyasəti daha çox real və məntiqli maraqlara əsaslanmağa başlayıb. Azərbaycan ABŞ üçün həm etibarlı enerji tərəfdaşı, həm də Cənubi Qafqazda mühüm geosiyasi aktordur. İki ölkə arasında enerji layihələrindən tutmuş, nəqliyyat və kommunikasiya dəhlizlərinə qədər geniş əməkdaşlıq imkanları mövcuddur.
Siyasi şərhçi, eyni zamanda, bildirib ki, bu yüksəliş Azərbaycan Prezidenti İlham Əliyevin balanslaşdırılmış xarici siyasət xəttinin davamıdır. Hazırkı dövrdə Bayden administrasiyası zamanında zəifləyən münasibətlər Tramp dövründə yenidən strateji səviyyəyə qalxaraq, həm enerji, həm təhlükəsizlik, həm də diplomatik əməkdaşlıq istiqamətində yeni mərhələyə qədəm qoyub.
