Azərbaycanın dövlət müstəqilliyi bərpa olunduqdan sonra ölkəmiz ilə dünyanın əksər dövlətləri arasında ikitərəfli münasibətlər formalaşmağa başladı. Zamanla genişləndirilən, qarşılıqlı etimada və inama əsaslanan əlaqələr bu gün həm siyasi, həm də iqtisadi formatda uğurla davam edir. Bu münasibətlər Baltikyanı ölkələr ilə də etimad müstəvisində inkişaf etdirilir və dövlət başçılarının qarşılıqlı səfərləri ilə möhkəmlənir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Səbinə Xasayeva söyləyib.
O bildirib ki, Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana son səfəri də bu baxımdan xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin mətbuata verdiyi bəyanatında da bu məsələ öz əksini tapdı.
Prezident İlham Əliyev çıxışında ikitərəfli gündəliyin müxtəlif istiqamətlərinə toxunaraq, beynəlxalq əhəmiyyətli məsələlərin həm təkbətək görüşdə, həm də nümayəndə heyətlərinin iştirakı ilə geniş müzakirə edildiyini vurğuladı. O bildirdi ki, əməkdaşlıq geniş potensiala malikdir və doqquz il əvvəl imzalanmış Strateji Tərəfdaşlıq haqqında Bəyannamə münasibətlərin hüquqi əsasını formalaşdırıb.
“Dövlətlərin iqtisadi inkişafı beynəlxalq əlaqələrin səviyyəsindən də asılıdır. Qarşılıqlı investisiya və sərmayə qoyuluşları bu baxımdan mühüm rol oynayır.
Dövlətimizin başçısı Latviyanın ali təhsil müəssisələrində 450-dən artıq azərbaycanlı tələbənin təhsil aldığını da xatırladaraq mühüm bir məsələyə toxundu. O qeyd etdi ki, son illərdə dünyada baş verən siyasi qarşıdurmalar və müharibələr fonunda sülhə, sabitliyə və dinc yanaşı yaşama əsaslanan siyasət yürüdən ölkələr Azərbaycanın bu mövqeyini səmimiyyətlə qəbul edir. Bu yanaşma xüsusilə İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra daha aydın görünür”,- deyə S.Xasayeva deyib.
Deputat əlavə edib ki, iki ölkə arasında imzalanmış sənədlər münasibətlərin müxtəlif istiqamətlər üzrə inkişaf etdiyini təsdiqləyir.
Latviya Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri əməkdaşlığın genişlənəcəyini nümayiş etdirir. Prezident İlham Əliyevin bəyanatı isə bir gerçəkliyi təsdiqləyir: Azərbaycan nüfuzlu dövlətdir və onun siyasi kursu bəşəri dəyərlərə sadiq ölkələr tərəfindən səmimiyyətlə dəstəklənir.
