Pakistan Hindistanın şimalındakı Cammu və Kəşmirdəki hərbi bazalara hücum etmək üçün raket və pilotsuz təyyarələrdən istifadə edib. Hindistan Silahlı Qüvvələrinin Birgə Müdafiə Qərargahının X sosial şəbəkəsində verdiyi məlumata görə, təhlükə zərərsizləşdirilib və itki yoxdur.
“Cammu və Kəşmirdə beynəlxalq sərhədə yaxın yerləşən Cammu, Pathankot və Udhampur hərbi bazaları Pakistan tərəfindən raket və pilotsuz uçuş aparatlarından istifadə edilərək hücuma məruz qalıb”, – məlumatda deyilir. Qərargah təhlükənin zərərsizləşdirildiyini vurğulayaraq, “Hər hansı itki yoxdur” deyib.
Hindistan Müdafiə Nazirliyi də bu məlumatı təsdiqləyib. “Hindistan öz suverenliyini müdafiə etməyə və xalqının təhlükəsizliyini təmin etməyə tam sadiqdir” deyib nazirlik.
Hindistanın Pakistanla həmsərhəd olan müxtəlif bölgələrindən partlayışlar, səmada şimşəklər və sirenlər səslənir. Bir neçə şəhərdə təhlükəsizlik səbəbilə elektrik enerjisi kəsilib. (Tass)
