Vladimir Zelenski Gürcüstana yox, öz ölkəsinə diqqət yetirməlidir. Vaxt gələcək, o, hər şeyə görə cavab verməli olacaq, bunu hakim Gürcü Arzusu – Demokratik Gürcüstan partiyasının baş katibi və Tbilisi meri Kaxa Kaladze jurnalistlərə deyib.
“Qoy Zelenski öz ölkəsinə nəzarət etsin. Özünün itirdiyi, xalqı və ölkəsi üçün nələr gətirdiyi barədə danışsın. Onun iştirakı ilə bu gün Ukraynada baş verənlərdən böyük bədbəxtlik yoxdur. Vaxt keçəcək və o, buna cavab verməli olacaq. O, ölkəmizi və gürcü xalqını tək qoysun. Biz sülhü qoruyub, ölkəmizin iqtisadi inkişafını təmin edəcəyik”, – deyə Kaladze bildirib.
Bir gün əvvəl Zelenski BMT Baş Assambleyasında çıxışı zamanı bildirmişdi ki, Avropa Gürcüstanı itirir. O, Gürcüstanda insan haqlarının vəziyyətinin pisləşdiyini də qeyd edib. (Tass)
