Ukrayna nümayəndə heyətinin rəhbəri, Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov ABŞ-da Ukrayna böhranının həlli ilə bağlı Amerika nümayəndə heyəti ilə görüşü “uğurlu və məhsuldar” adlandırıb, lakin detalları açıqlamayıb. Umerovun ABŞ dövlət katibi Marko Rubio ilə məsləhətləşmələrdən sonra keçirdiyi mətbuat görüşünün görüntüləri Ukraynanın “Public. News” nəşrinin Telegram kanalında yerləşdirilib.
Umerov ABŞ və Ukrayna nümayəndə heyətləri arasında bir həftə əvvəl Cenevrədə keçirilən danışıqlara toxunaraq, “Cenevrədə uğurlu görüş oldu və bu gün də bu uğur davam edir” dedi. “Bu görüş indiyə qədər məhsuldar və uğurlu olub. Ümid edirəm ki, növbəti mərhələlər barədə sizi məlumatlandıracağıq”, – Ukrayna nümayəndə heyətinin rəhbəri ABŞ-ın Florida ştatında keçirilən hazırkı görüş barədə deyib.
“Biz Ukraynanın gələcəyini müzakirə etdik, Ukrayna və Ukrayna xalqı üçün vacib olan bütün məsələləri müzakirə etdik”, – Umerov Floridada keçiriləcək görüşün gündəliyi barədə deyib. (Tass)
