ABŞ prezidenti Donald Tramp Suriyanın müvəqqəti prezidenti Əhməd əl-Şara ilə yaxşı telefon danışığı apardığını bildirib.
“Hörmətli Suriya Prezidenti ilə gözəl söhbətim oldu. Suriya və bu bölgə ilə bağlı hər şey çox yaxşı irəliləyir. Biz çox məmnunuq”, – deyə Tramp Ayova ştatının Des Moines şəhərinə işgüzar səfərə yola düşməzdən əvvəl Ağ Evin Cənub Çəmənliyində jurnalistlərə verdiyi müsahibədə bildirib.
Yanvarın 20-də ABŞ-ın Türkiyədəki səfiri və Suriya üzrə xüsusi nümayəndəsi Tom Barrak bildirib ki, Vaşinqton administrasiyası artıq kürdlərin rəhbərlik etdiyi “Suriya Demokratik Qüvvələri” koalisiyasının Ərəb Respublikasında İslam Dövləti terror qruplaşmasına qarşı mübarizədə əsas rol oynamalı olduğuna inanmır. O qeyd edib ki, ABŞ ölkədə uzunmüddətli hərbi mövcudluğu qorumağa çalışmır. (Tass)
