Ramazan ayında oruc tutan insanların gündəlik qidalanma rejimi dəyişir və bu dövrdə düzgün qida seçimi sağlamlığın qorunması baxımından xüsusi əhəmiyyət daşıyır. Ritorika.az xəbər verir ki, sahur və iftar vaxtlarında balanslı qidalanmamaq halsızlıq, həzm problemləri və enerji çatışmazlığına səbəb ola bilər.
Qidalanma üzrə tövsiyələrə əsasən, sahur zamanı yüngül, lakin uzun müddət toxluq hissi yaradan qidalara üstünlük verilməlidir. Zülalla zəngin məhsullar, süd və süd məhsulları, lifli qidalar, eləcə də bol sulu tərəvəzlər orqanizmin gün ərzində ehtiyaclarını qarşılamağa kömək edir. Duzlu, yağlı və ağır yeməklər isə susuzluq hissini artırdığı üçün məsləhət görülmür. Sahurda kifayət qədər su içilməsi vacib hesab olunur.
İftar zamanı isə orucun birdən-birə ağır yeməklərlə açılmasının düzgün olmadığı qeyd edilir. İlk olaraq su və ya yüngül şorba qəbul edilməsi, daha sonra əsas yeməklərə keçilməsi tövsiyə olunur. Əsas yeməklərdə bişmiş ət, balıq, tərəvəz yeməkləri və dənli məhsullara üstünlük verilməlidir. Qızardılmış və həddindən artıq yağlı yeməklər mədə-bağırsaq sistemində narahatlıq yarada bilər. Şirniyyat və desertlərin isə az miqdarda və yeməkdən bir qədər sonra qəbul edilməsi məsləhət görülür.
Mütəxəssislər Ramazan ayında ən çox yol verilən qidalanma səhvləri sırasında sahurda həddindən artıq yeməyi, iftarda birdən-birə ağır və qarışıq qidalar qəbul etməyi, gün ərzində kifayət qədər su içməməyi və yeməkdən dərhal sonra yatmağı qeyd edirlər.
Qeyd olunur ki, Ramazan ayında balanslı və tədricən qidalanma orqanizmin yükünü azaldır, həzm sisteminin normal fəaliyyətini qoruyur və orucun daha rahat tutulmasına şərait yaradır.
Ritorika.az
