İsveç hökuməti Ukrayna üçün ümumi məbləği 12,9 milyard kron (1,42 milyard dollar) olan yeni, 21-ci hərbi yardım paketini təsdiqləyib. Müdafiə naziri Pol Conson mətbuat konfransında bildirib ki, vəsait hava hücumundan müdafiə sistemlərinin gücləndirilməsinə sərf olunacaq.
“Hava hücumundan müdafiənin gücləndirilməsinə ehtiyac təcili olaraq qalır”, – deyə o bildirib. “İsveç Ukraynaya həm kəmiyyət, həm də keyfiyyət baxımından ən böyük dəstəyi verən ölkələrdən biridir. Təchiz etdiyimiz İsveç sistemləri döyüş meydanında çox təsirli olduğunu sübut edib.”
Vəsait əsasən “limanları, yaşayış məntəqələrini, elektrik stansiyalarını və ya hərbi hissələri hava hücumlarından qoruya bilən” yeni qısa mənzilli hava hücumundan müdafiə sisteminə xərclənəcək. 4,3 milyard kron (474,53 milyon dollar) İsveç istehsalı olan TRIDON mobil zenit sistemlərinin alınması və Ukraynaya təhvil verilməsi üçün istifadə olunacaq. 5,6 milyard kron (618 milyon dollar) Kiyev tərəfindən raket və dronların istehsalı və inkişafı üçün istifadə olunacaq. 3 milyard kron (331 milyon dollar) İsveç müdafiə sənayesindən qumbaraatanların alınmasına, artilleriya mərmilərinin alınmasına və Ukrayna personalının təliminə sərf olunacaq.
Hökumətin məlumatına görə, İsveçdən Ukraynaya göstərilən ümumi hərbi dəstək 103 milyard kron (11,37 milyard dollar) təşkil edir. (Tass)
