Ermənistan mövcud infrastrukturundan istifadə edərək, artıq 11 mart tarixindən etibarən Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında avtomobil yolu əlaqəsi qurmağa hazırdır. Bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentindəki çıxışı zamanı bildirib.
“Ermənistan mövcud infrastrukturu ilə artıq Azərbaycanın qərb bölgələri ilə Naxçıvan arasında Kornidzor-Qoris-Yeğeqnadzor-Yerask marşrutu boyunca yol xidməti göstərməyə hazırdır. Bizim bu təklifimiz heç bir şəkildə həyata keçirilməsini gecikdirmək və ya Vaşinqton Sazişlərinin unudulmasını hədəfləmir – mən bunu rəsmi olaraq bəyan edirəm. Azərbaycan Ermənistan ərazisi vasitəsilə Naxçıvana bir əlaqənin yaradılmasını gözlədiyi kimi, biz də Naxçıvan vasitəsilə Cənubi və Şimali Ermənistan arasında dəmir yolu əlaqəsinin yaradılmasını gözləyirik”, – deyə o bildirib.
Baş nazir həmçinin qeyd edib ki, Ermənistan öz ərazisi vasitəsilə Azərbaycanla Türkiyə arasında əlaqəni təmin etməyə hazırdır.
“Nə Azərbaycan, nə də Türkiyə hələlik bu fürsətdən istifadə etməyib. Şübhələnirəm ki, bu, qismən də onların bu cür qərarların TRIPP layihəsinin həyata keçirilməsini gecikdirə biləcəyinə inanmaları ilə bağlıdır. Bu kürsüdən rəsmi olaraq bəyan edirəm ki, Ermənistanın TRIPP layihəsinin həyata keçirilməsini gecikdirmək niyyəti yoxdur, həm də bunun üçün heç bir səbəbi yoxdur, çünki layihə Ermənistanın qısa, orta və uzunmüddətli maraqlarına tam uyğundur”, – deyə Paşinyan bildirib. (Tass)
