Çağdaş qlobal sistemdə enerji və logistika artıq yalnız iqtisadi meyarlar sayılmır – onlar təhlükəsizlik, sabitlik və geosiyasi tarazlığın əsas sütunlarıdır. Xüsusilə son illərdə dünya enerji bazarlarında müşahidə olunan qeyri-sabitlik, ənənəvi marşrutların risk altına düşməsi və tədarük zəncirlərinin pozulması alternativ daşımaçılıq və enerji dəhlizlərinin önəmini kəskin şəkildə artırıb. Belə bir durumda Orta Dəhliz artıq regional layihə olmaqdan çıxaraq qlobal miqyasda strateji platformaya çevrilməkdədir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin sədri Arzu Bağırova səsləndirib.
Onun sözlərinə görə, Orta Dəhlizin əsas üstünlüyü onun enerji və ticarət axınlarını diversifikasiya etməsi ilə – yəni mənbələri, istiqamətləri və ya fəaliyyətləri şaxələndirməsi ilə bağlıdır: “Ənənəvi marşrutların, xüsusilə geosiyasi risklərin yüksək olduğu bölgələrdən keçən xətlərin alternativi kimi çıxış edən bu dəhliz Avropanın enerji təminatında mühüm rol oynayır. Bu gün enerji təhlükəsizliyi yalnız resursların mövcudluğu ilə ölçülmür, onların təhlükəsiz, davamlı və fasiləsiz daşınması da əsas məsələdir. Orta Dəhliz məhz bu baxımdan qlobal enerji bazarında sabitləşdirici amil kimi çıxış edir. Həmin marşrut vasitəsilə enerji təchizatının şaxələndirilməsi təmin olunur, bazar riskləri azalır və qiymət dalğalanmalarının qarşısı müəyyən qədər alınır. Eyni zamanda, Hörmüz boğazı kimi həssas nöqtələrdə yaranan gərginliklər bir daha göstərir ki, dünya enerji sistemi alternativsiz qala bilməz. Belə bir məqamda Orta Dəhliz yalnız seçim sayılmır və artıq zərurət kimi çıxış edir”.
QHT sədri qeyd edib ki, Orta Dəhlizin önəmi təkcə enerji ilə məhdudlaşmır. Bu marşrut Asiya ilə Avropa arasında iqtisadi körpü rolunu oynayaraq, region ölkələri üçün yeni inkişaf imkanları yaradır. Çin, Türküstan (Mərkəzi Asiya), Xəzər hövzəsi, Cənubi Qafqaz və Türkiyəni birləşdirən bu xətt ticarət dövriyyəsinin artmasına, logistika xərclərinin azalmasına və vaxt itkisinin minimuma endirilməsinə münbit şərait yaradır. Bu baxımdan Orta Dəhliz regional iqtisadi inteqrasiyanı sürətləndirir, yatırım axınını stimullaşdırır, yeni sənaye və logistika mərkəzlərinin formalaşmasına təkan verir. Dövlətlər arasında qarşılıqlı etimadı və əməkdaşlığı da artırır.
“Azərbaycanın bu sistemdə oynadığı rol xüsusi vurğulanmalıdır. Ölkəmiz həm enerji resurslarının istehsalçısı, həm də onların ötürülməsi baxımından etibarlı tranzit qovşağı kimi çıxış edir. Bu isə Azərbaycanın qlobal enerji arxitekturasında mühüm aktora çevrildiyini göstərir. Alternativ marşrutların mövcudluğu qlobal sistemdə risklərin bölüşdürülməsinə, inhisarın zəifləməsinə və daha ədalətli enerji-ticarət mühitinin formalaşmasına xidmət edir. Bu dəhliz region ölkələrinə müstəqil iqtisadi siyasət yürütmək imkanı verir, onların qlobal iqtisadiyyata inteqrasiyasını sürətləndirir və nəticə etibarilə sülh və sabitlik üçün yeni platforma yaradır. Bütün bu amilləri nəzərə alaraq demək olar ki, Orta Dəhliz XXI yüzilliyin yeni “strateji arteriyası” kimi formalaşır. O, enerji təhlükəsizliyinin təminində, regional iqtisadi inkişafın sürətləndirilməsində və qlobal geosiyasi balansın qorunmasında önəmli rol oynayır. Bu anlamda, Orta Dəhliz enerji, iqtisadiyyat və təhlükəsizlik arasında inteqrativ model kimi yeni dünya nizamının mühüm elementlərindən birinə çevrilir”, – deyə o əlavə edib.
