İranın Hindistandakı səfiri Məhəmməd Fəthali İranın şərtləri qəbul ediləcəyi təqdirdə ABŞ ilə danışıqların ikinci mərhələsinin mümkünlüyünü istisna etməyib.
PTI xəbər agentliyi səfirin İran-Amerika danışıqlarının ikinci raundu perspektivləri barədə dediyi sözləri sitat gətirir: “Əgər onlar [ABŞ] şərtlərimizi qəbul etsələr, bu mümkündür”.
Fəthalinin xatırlatdığı kimi, İslamabadda keçirilən danışıqlar zamanı İranın səsləndirdiyi əsas məqamlar “nüvə məsələsi, müharibə təzminatı, sanksiyaların ləğvi və bir sıra digər şərtlər” idi. “Lakin, mənim fikrimcə, onlar heç bir hüquqi əsası olmayan tələblər irəli sürürlər. Yüksək vəzifəli rəsmilərimiz və nümayəndə heyətlərimiz dəfələrlə bildiriblər: biz sülhə, danışıqlara hazırıq, amma siz bilməlisiniz və aydın şəkildə başa düşməlisiniz ki, İran da müharibəyə hazırdır”, – deyə o bildirib. (Tass)
