Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov deyib.
Azərbaycan və Latviya arasındakı münasibətlərin tarixindən danışan K.Bayramov xatırladıb ki, iki ölkə arasındakı diplomatik əlaqələr hələ müstəqilliyin ilk zamanlarında – 1994-cü il yanvarın 11-də qurulub. Azərbaycanın Latviyadakı səfirliyi isə ölkəmizin Baltikyanı ölkələrdəki ilk səfirliyidir. Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun təməli isə 1997-ci ildə qoyulub və gələn il bu münasibətlər 30 ilinə qədəm qoyacaq.

“Azərbaycan və Latviya arasındakı münasibətlər hər zaman qarşılıqlı hörmət və beynəlxalq hüququn prinsipləri üzərində qurulub. Latviya Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini ardıcıl şəkildə dəstəkləyən, Avropa İttifaqı məkanında ölkəmizin ədalətli mövqeyini müdafiə edən etibarlı tərəfdaşdır. Azərbaycan Latviya ilə əməkdaşlığa həm də regional təşkilatlar, o cümlədən Baltik-Qara Dəniz-Xəzər hövzəsi regionunda inteqrasiya proseslərinin intensivləşdirilməsi üçün Baltik Dənizi Dövlətlərinin Şurası çərçivəsində xüsusi əhəmiyyət verir.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısı kimi çıxış edir və Latviya bu prosesdə Azərbaycanın potensialına böyük maraq göstərir. Xüsusilə bərpaolunan enerji mənbələri sahəsində təcrübə mübadiləsi, “Orta Dəhliz” vasitəsilə yükdaşımaların artırılması və Baltik dənizi limanları ilə Bakı Limanı arasında əlaqələrin intensivləşdirilməsi, Latviyanın yüksək texnologiyalar sahəsindəki təcrübəsinin ölkəmizdə tətbiqi perspektivləri əsas müzakirə mövzularından olub. Tərəflər arasındakı iqtisadi münasibətlərin hazırkı vəziyyəti geniş potensial vəd edir. Xüsusilə ticarət dövriyyəsinin həcminin artırılması və məhsul çeşidliliyinin genişləndirilməsi əsas hədəflərdən biridir. Azərbaycanın əlverişli investisiya mühiti Latviya iş adamları üçün yeni fürsətlər açır. Bu kontekstdə Latviya şirkətlərinin Azərbaycanda fəaliyyət göstərən sənaye parklarına cəlb edilməsi və birgə müəssisələrin yaradılması vasitəsilə qarşılıqlı investisiya qoyuluşunun stimullaşdırılması nəzərdə tutulur”, – deyə o əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycanın Cənubi Qafqazın qovşağı, Latviyanın isə Baltikyanı regionun mühüm liman mərkəzi olması bu tərəfdaşlığı qitələrarası miqyasda daha əhəmiyyətli edir. Məhz bu imkanlar Azərbaycan-Latviya əlaqələrinin sadəcə diplomatik deyil, həm də çoxşaxəli iqtisadi sütunlar üzərində möhkəmləndiyinin göstəricisidir.
“Ümumilikdə Latviya Prezidentinin səfəri bir daha təsdiq etdi ki, coğrafi uzaqlığa baxmayaraq, Bakı və Riqa ortaq maraqlar və sarsılmaz dostluq telləri ilə bir-birinə bağlıdır. Bu rəsmi görüşlər silsiləsi Azərbaycanın Avropa ilə inteqrasiya prosesini sürətləndirməklə yanaşı, həm də milli maraqlarımızın beynəlxalq müstəvidə daha güclü şəkildə qorunmasına xidmət edir. Bir sözlə, Azərbaycan-Latviya münasibətləri yüksələn xətt üzrə inkişaf edərək, hər iki xalqın rifahına və regional sabitliyə töhfə verməkdə davam edir”, – deyə o vurğulayıb.
