Builki Antalya Diplomatik Forumu qlobal siyasətdə qeyri-müəyyənliyin artdığı, regional gərginliklərin çoxaldığı və yeni güc mərkəzlərinin formalaşdığı bir dövrə təsadüf edir. Bu baxımdan forum təkcə diplomatik müzakirə platforması deyil, həm də ölkələrin öz mövqelərini göstərdiyi və mesajlarını birbaşa beynəlxalq ictimaiyyətə çatdırdığı mühüm bir siyasi məkandır. Bu mühitdə Azərbaycanın iştirakı və Prezident İlham Əliyevin fəaliyyəti ölkənin xarici siyasət xəttini daha aydın görməyə imkan verir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri, siyasi şərhçi Fərid Şahbazlı bildirib.
O qeyd edib ki, Azərbaycanın Forumda fəal iştirakı Bakının artıq təkcə regional deyil, daha geniş beynəlxalq mühitdə də öz mövqeyini gücləndirməyə çalışdığını göstərir. Postmünaqişə dövründə əsas prioritetlərdən biri Qarabağ məsələsinin yekunlaşmış reallıq kimi qəbul olunmasıdır. Bu baxımdan belə platformalar Azərbaycanın mövqeyini daha açıq şəkildə ortaya qoymasına imkan yaradır. Prezident İlham Əliyevin keçirdiyi görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunduğu və bölgədə yeni vəziyyətin formalaşdığı mesajı xüsusi vurğulanıb. Bununla yanaşı, Azərbaycan regional əməkdaşlıq məsələlərini də ön plana çıxarır. Nəqliyyat xətlərinin açılması, Orta Dəhliz və Zəngəzur istiqamətində irəli sürülən layihələr ölkənin həm siyasi, həm də iqtisadi baxımdan rolunu gücləndirmək niyyətini göstərir. Bakı bu yanaşma ilə coğrafi mövqeyini üstünlüyə çevirməyə çalışır və regionu gərginlik zonasından daha çox əməkdaşlıq məkanına çevirməyi hədəfləyir.
Siyasi şərhçi, həmçinin qeyd edib ki, Forum çərçivəsində Prezident İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Tufan Erhürman və Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa ilə görüşlər keçirib. Bu görüşlərdə əsasən regional əməkdaşlıq, təhlükəsizlik və bölgədə yaranmış yeni vəziyyət müzakirə olunub. Görüşlər Azərbaycanın dialoqa açıq mövqeyini və praqmatik siyasətini bir daha göstərib. Enerji sahəsi isə Azərbaycanın xarici siyasətində əsas istiqamətlərdən biri olaraq qalır. Avropanın enerji təhlükəsizliyinə artan ehtiyac fonunda Azərbaycan özünü etibarlı tərəfdaş kimi təqdim edir və bununla həm siyasi, həm də iqtisadi mövqeyini gücləndirir.
F.Şahbazlı deyib ki, ümumilikdə Azərbaycanın Forumda nümayiş etdirdiyi yanaşma balanslı xarici siyasətin davam etdiyini göstərir. Bakı bir tərəfdən Türkiyə ilə münasibətləri gücləndirir, digər tərəfdən Qərb institutları ilə əməkdaşlığı saxlayır, eyni zamanda, region ölkələri ilə praqmatik münasibətlər qurur. Antalya Diplomatik Forumu Azərbaycanın beynəlxalq mövqeyinin daha da güclənməsi baxımından önəmli platforma oldu. Prezident İlham Əliyevin keçirdiyi görüşlər və ümumi diplomatik fəallıq göstərdi ki, Azərbaycan artıq təkcə prosesləri izləyən deyil, həm də onları yönləndirmək gücü olan aktorlardan biridir.
